Güzəştli mənzillərin satış tarixi və mənzillərin qiymətləri açıqlanıb
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışının həyata keçiriləcəyi tarix açıqlanıb.
1news.az-ın məlumatına görə, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı 5 sentyabr 2018-ci il saat 11.00-da başlayacaq və 5 dekabr 2018-ci il saat 11.00-dək davam edəcək.
Azərbaycan prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilir. Yalnız "Güzəştli mənzil" elektron sistemində kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzil İnşaatı Dövlət Agentliyi nəzərə çatdırır ki, elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqlara malikdir. Həmin şəxslər elektron kabinetlərində "Satış/Mənzillər" bölməsinə daxil olaraq "erkən gələnə erkən xidmət" prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzillər seçə biləcəklər. "Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsi ilə tanış olmaq mümkündür.
Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub. Beləliklə, 1 otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir. Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda ödəniş proseduru da açıqlanıb. Mənzil 10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda 1 otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, 2 otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, 3 otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat olacaq. Mənzilə güzəştli ipoteka krediti vasitəsi ilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək. Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı 1 otaqlı mənzillər üçün 26 min 932 manatdan, 2 otaqlı mənzillər üçün 42 min 554 manatdan, 3 otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına 7 may 2018-ci il tarixində başlanılsa da, bunu həyata keçirmək mümkün olmayıb. Həmin dövrdə "Güzəştli mənzil" sistemində 8900-dən çox vətəndaşa şəxsi elektron kabinet verilib. Mayın 7-də başlanmış ilk satış prosesinin mənzil seçimi mərhələsində "Elektron hökumət" portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb. Eyni zamanda "Güzəştli mənzil" sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib. Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub. Mənzillərin seçimi mərhələsində baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyində müvafiq Komissiya yaradılıb. Bununla yanaşı, elektron sistemləri yoxlayaraq, güzəştli mənzillərin seçimi zamanı baş vermiş nasazlıqlar və nöqsanlar haqqında ətraflı rəy verməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə müraciət olunub. Elektron sistemin dayanıqlı fəaliyyətinin təmin edilməsinə məsul olan aidiyyəti qurum və təşkilatların səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş və hesabatlar dinlənilib.
Mənzil İnşaatı Dövlət Agentliyinin mayın 17-də yaydığı məlumatda bildirilib ki, Komissiya tərəfindən aparılan araşdırma nəticəsində, habelə təqdim olunan rəy və hesabatlara əsasən müəyyən olunub ki, "Elektron hökumət" portalının kütləvi trafik axını qarşısında müvəqqəti əlçatmaz olması və "Güzəştli mənzil" sistemində texniki səhvlərin mövcudluğu ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb. Həmin texniki nasazlıqlar nəticəsində "Güzəştli mənzil" sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyi bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda Agentliyin sərəncamında olan mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçiminin yenidən təşkil olunacağı açıqlanıb. Ötən müddət ərzində 5 saylı binanın da tikintisi başa çatıb.
1news.az