Qiymət tənzimlənməsi nəqliyyat xidmətlərinin keyfiyyətini yüksəldəcək - TƏHLİL
Məlum olduğu kimi, Tarif Şurası Azərbacanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Belə ki, Şuranın 30 iyulda keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minib.
Məlumatda qeyd olunur ki, qiymətlərin artırılmasında ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınıb.
Xatırladaq ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Artıq 10 ilə yaxındır ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalır. Belə ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Bu müddət ərzində nəqliyyat infraztrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb.
Yeni tarif dəyişikliyundən sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.
Nəzərinizə çatdıraq ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Məlumata görə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Son illər ictimai nəqliyyatda çox müsbət dəyişikliklər edilib, infrastruktur yenilənib, sərnişinlərin ixtiyarına yeni, daha rahat, iritutumlu avtobuslar verilib. Əlbəttə ki, gediş haqqı tariflərinin artırılması sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə imkan verir ki, onlar istehsalat bazalarını, avtobus parklarını yeniləsinlər, daha keyfiyyətli və rahat sərnişindaşıma xidməti göstərsinlər. Başqa sözlə, bu istiqamətdə yeniliklər davam edəcək ki, bu da sərnişinlərin rahatlığı üçündür.
Bununla bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyi də təsdiqlədi ki, vətəndaşa rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini hər zaman qarşıya prioritet məqsəd olaraq qoyulub. Bunu nəzərə alaraq da, BNA bir daha xəbərdarlıq edir ki, işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut xətlərindən kənarlaşıdırılacaq. Bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərarın qəbulu da bu məqsədə xidmət edir.
“Bakı Metropoliteni” QSC-nin açıqlamasında isə bildirildi ki, qiymət artımından sonra belə Bakı metrosunda gediş haqqı digər postsovet ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Məsələn, postsovet məkanı ölkələrindən Ukraynada bu qiymət 41-50, Minskdə 55, Daşkənddə 37 qəpik, Moskvada isə bir neçə dəfə yüksəkdir. Halbuki Rusiyanın metropoliten sahəsində böyük potensialı var.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildiriblər ki, qurum Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir. Qeyd edilib ki, tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu günlərdə keçirdiyi mətbuat konfransında deyib ki, avtobus və metroda qiymət artımının inflyasiyaya bir qədər yüksəldici təsiri var. Onun sözlərinə görə, Tarif Şurasının nəqliyyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq: “Lakin düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər”.
E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: “Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır”.
Onun sözlərinə görə, inflyasiyaya təsir edən əsas amil məzənnə sabitliyidir. E.Rüstəmov əlavə edib ki, AMB məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olunub: "Bu da inflyasiyanın idarə olunmasında mühüm rol oynayıb."
Ekspertlər qiymət artımının nəqliyyat infrastrukturunun daha da inkişafına, xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacağını düşünürlər.
Millət vəkili, iqtisadçı ekspert Aydın Hüseynov hesab edir ki, nəqliyyat infrastrukturunun keyfiyyətinin yüksək səviyyəyə çatdırılması üçün Tarif Şurasının ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarına ehtiyac var idi. Dəyişiklik nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
İctimai nəqliyyat vasitələrindən istifadə edənlərin sayında ciddi artımın olduğunu qeyd edən millət vəkili ölkəmizə gələn turistlərin sayının durmadan artdığını bildirib: “Metro qiymətlərinin artımına gəldikdə, bu nəqliyyat vasitəsi dövlətin ayırdığı dotasiya ilə çalışır. Bu səbəbdən Tarif Şurası dövlətin xərclərini azaltmaq üçün belə bir qərar verib. Dövlət isə bu sahəyə ayırdığı xərclərə qənaət edərək vəsaiti digər sosial layihələrə və əmək haqlarının artırılmasına yönəldəcək. Dövlətimizin apardığı iqtisadi siyasətin ən başlıca prioritetlərindən biri sosial problemlərin həllidir. Son dövrlərdə aparılan çoxsaylı islahatlar da ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlıdır”.
A.Hüseynov vurğulayıb ki, digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda nəqliyyat sektorundakı qiymətlər daha aşağıdır: “Ölkəmiz MDB məkanında əmək haqqlarının həcminə görə 5-ci yerdədir. Dəyişiklik, əslində dövlətin yükünün vətəndaşlar arasında bölüşdürülməsi deməkdir”.
Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, mövcud reallıqlara diqqət yetirdikdə tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə təkan verəcək, onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Onun sözlərinə görə, MDB və region ölkələrində ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərə nəzər saldıqda aydın olur ki, yeni dəyişikliklərdən sonra da Azərbaycanda müvafiq göstəricilər həmin ölkələrlə müqayisədə aşağı olacaq.
Millət vəkili vurğulayıb ki, hazırda dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiymətinin ən aşağı səviyyədə olduğunu deyən millət vəkilinin sözlərinə görə, 10 ilə yaxındır ki, ölkəmizdə nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalır: “Lakin bu müddət ərzində nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı tədbirlər həyata keçirilib. Yəni ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən və əsaslı şəkildə qurulub”.
1news.az