Tovuzda minaya düşən azyaşlının ayağı amputasiya olundu – VİDEO – YENİLƏNİB

Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində xəstəxanaya gətirilən mülki şəxs, 2004-cü il təvəllüdlü Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib. Hazırda yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağır sabitdir.
Hadisə nəticəsində ağır xasarət alan digər şəxs, 1994-cü il təvəllüdlü Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.
14.51
Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
S.Xankişiyeva