Ötən gecə restoranda baş verən qətlin təfərrüatları məlum olub – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gecə restoranda baş verən qətlin təfərrüatları məlum olub – FOTO – YENİLƏNİB

11:17 - 10 / 08 / 2018
Ötən gecə restoranda baş verən qətlin təfərrüatları məlum olub – FOTO – YENİLƏNİB

Avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb.

Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub. H.Abbasquliyevdən bir ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və bir ədəd patron darağı maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq  cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

09:43

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır. Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
1490

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər