Nazirlikdən xəbərdarlıq: əkin sahələrini yandıranlar cəzalandırılacaqlar
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edib.
1news.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur.
Yanğından sonra torpağın həyat qabiliyyətini yenidən bərpa etməsi üçün əlavə resurslar və zaman tələb olunur. 1 hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir. Bu itkini kompensasiya edilməsi üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30% azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.
“Eyni zamanda biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırırıq ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər.
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmağı, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmağı tövsiyə edir”- deyə, müraciətdə qeyd olunub.
1news.az