Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının I ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az bildiriblər ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən keçirilən monitorinqin məqsədi Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək olub.
Məlumata görə, avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 39,6 m3/san azalaraq 75,4 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2 məntəqəsində biogen maddələrin miqdarının normadan artıq olması müşahidə olunub.
Avqust ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.70-7.67 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1news.az