Bakıda sahibsiz heyvanlar üçün yeni sığınacaqlar və laboratoriya tikiləcək

Hazırda təmir işləri ilə əlaqədar Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Təmirin nə vaxt başa çatacağı dəqiq bilinmir.
Bu barədə 1news.az-a İdarədən məlumat veriblər. Məlumata görə, İdarənin nəzdində olan sığınacaq 200-dən artıq it qəbul edə bilmir. Buna görə də yaxın günlərdə yeni sığınacaq yerlərinin və laboratoriyanın tikintisinə başlanacaq. İtlər həmin laboratoriyada müayinə olunub axtalandıqdan sonra yenidən təbiətə buraxılacaqlar.
Eyni zamanda xaricdən itləri keyitmək üçün pnevmatik silahların, xüsusi təyinatlı maşınların alınması, təlim keçmiş işçilərin işə götürülməsi nəzərdə tutulur.
İdarədən əhali tərəfindən daxil olan şikayətlərin sayının həddindən artıq çox olduğunu da bildiriblər. Qeyd ediblər ki, şikayətlər Bakının bütün rayonlarından, əsasən də Xətai, Xəzər, Binəqədi, Nizami, Səbail rayonlarından daxil olur.
Babək Cahandarov