Benzin niyə bahalaşdı? - Deputat və iqtisadçı ŞƏRH edir
Məlum olduğu kimi, avqustun 19-dan Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.
Hazırda ölkəyə idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin hər litri orta hesabla təxminən, 1.35-1.4 AZN-ə başa gəlirdi. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət daha əvvəl “Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.
Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstanda da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.
O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanda sürücülərin istifadə etdiyi ümumi avtomobillərin cəmi 5 faizi "Premium Euro-95” və "Super Euro-98” markalı yanacaqdan istifadə edir. Bu məqamı nəzərə alan ekspertlərə görə, benzinin qiymətinin artması xidmət sahələrinə heç bir təsir göstərməyəcək.
Mövzunu 1news.az-a şərh edən millət vəkili Azər Badamov bildirib ki, ümumiyyətlə, qiymət artımları arzulanan deyil. Amma iqtisadiyyat bazar qanunlarına uyğun idarə olunduğundan bəzi hallarda artımlar qaçılmaz olur.
Deputatın sözlərinə görə, “Premium Euro-95” və “Super Euro-98” markalı benzilər ölkəmizdə istehsal olunmadığından xaricdən idxal edilir:
“Ona görə də idxal olunan mallar bazara uyğunlaşdırılmalıdır ki, idxalçı fəaliyyət göstərə bilsin. Qeyd etdiyim markalı benzinlərdə qiymət artımı gözlənilən və labüd idi. Əks halda, həmin benzinləri idxal edib satışını həyata keçirməkdə çətinlik yaranırdı. Amma 92 markalı benzin və dizel yanacağı Azərbaycanda istehsal olunduğundan həmin markalı yanacaqların qiymətləri dövlət tərəfindən tənzimlənir və qiymət artımı gözləmirəm”.
A.Badamov əlavə edib ki, ölkəmizdə istifadədə olan avtonəqliyyat vasitələrin 90%-ə qədərinin də 92 markalı benzin və dizel yanacağı işlətdiyini nəzərə alsaq deyə bilərəm ki, 95 və 98 markalı benzinlərin qiymətlərindəki artım iqtisadiyyatın hər hansı bir sahəsinə təsiri mümükün deyil və digər sahələrdə qiymət artımından söhbət gedə bilməz. Ona görə də hesab edirəm ki, hər hansı bir narahatlığa əsas yoxdur.
İqtisadçı ekspert Pərviz Heydərov isə 1news.az-a deyib ki, sözügedən benzin markalarının pərakəndə satış qiymətlərinin artması idxal xərcləriylə izah olunur:
“Belə ki, məlum olduğu kimi Aİ-95 ilə Aİ-98 markalı benzin məhsulları ölkə daxilində istehsal olunmur - kənardan gətirilir. Odur ki, hər iki markalı benzin məhsullarının pərakəndə satış qiymətləri dövlət tərəfindən müəyyən edilmir, yəni tənzimlənmir, sərbəst bazar qanunları əsasında təşəkkül tapır. Bu vəziyyət artıq 4 ildən çoxdur ki, hökm sürür. Belə ki, sözügedən benzin növlərinin qiymətləri dövlət tərəfindən tənzimlənən mallar siyahısından Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən çıxarılıb. Aİ-95 ilə Aİ-98-in qonşu ölkələrdə satış qiymətləri həqiqətən də bizdəkindən yüksək idi. Rusiyada bizim pul vahidi ilə 2 manata yaxındır. Gürcüstandan bundan bir az baha... Yeri gəlmişkən, dünya bazarlarında neftin qiyməti də 70 dollardan yüksəkdir. Ölkəmizdə sözügedən markalı benzinlərin qiymətləri axırıncı dəfə qaldırılanda neft 50-60 dollar civarında idi. Neft bahalaşırsa, neft məhsulları da qalxır".
1news.az