Qubadlının işğalından 25 il keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlının işğalından 25 il keçir

11:24 - 31 / 08 / 2018
Qubadlının işğalından 25 il keçir

Azərbaycan Respublikasının Qubadlı rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 25 il keçir.

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib.

Məlumat üçün bildirək ki, inzibati vahid kimi 1933-cü ildə yaradılan Qubadlı rayonunun ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. İşğal ərəfəsində əhalisi 30 minə qədər olub.

İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1  yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan “Neftqazavtomat” təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlırayonunda 62 idarə və müəssisə olub.

Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət olan 10-dan çox iri diametrli ağac təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşdülər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qorudular. Lakin Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təkləndi və müdafiəsiz qaldı.

Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid oldu, 146 nəfər əlilə çevrildi. Yüz nəfərə qədər insan itkin düşdü və girov götürüldü. Yüzlərlə döyüşçü və mülki əhali yaralandı, əlil oldu. Əhalinin yurd-yuvası talandı, 94 kənd və Qubadlı şəhəri yerlə yeksan edildi.

Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hazırda Qubadlının 35 mindən çox əhalisi Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıb. İyirmi iki mindən çox qubadlılı məcburi köçkün soydaşımız isə Sumqayıtda yaşayır.

1news.az

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər