Dövlət Agentliyi yoluxucu heyvan xəstəlikləri ilə bağlı əhaliyə xəbərdarlıq edib
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan Respublikası ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq edib.
AQTA informasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumatda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin ölkədən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdırlar.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”.
1news.az