TAP boru kəmərinin inşası üzrə işlərin 77,7 faizi icra olunub
Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrin icra vəziyyəti açıqlanıb.
1news.az xəbər verir ki, xəbər verir ki, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin (“Şahdəniz-2”) işlənməsi üzrə avadanlıqlar və qurğular üzrə inkişaf bu ilin iyul ayının sonunadək 91,2 faiz, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ümumi inkişaf 98,8 faiz təşkil edib: “İyulun axırına kimi Trans-Anadolu boru kəmərinin (TANAP) inşası üzrə işlərin 96,3 faizi, “Trans-Adriatik” boru kəmərinin (TAP) inşası üzrə işlərin isə 77,7 faizi icra edilib”.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.
Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
1news.az