Biləsuvarda partlamamış hərbi sursat və tapança aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Biləsuvar rayonunda keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən Agentliyə Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 1 ədəd pnevmatik tapança aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 14 min kvadratmetr əraziyə yerüstü və 900 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.
Beş gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 667 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança aşkar olunub, 44500 kvadratmetr əraziyə yerüstü və 2560 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
1news.az