Çingiz xanı baş əydirən minarə, qədim Ark - Buxaradan reportaj | 1news.az | Xəbərlər
Cəmiyyət

Çingiz xanı baş əydirən minarə, qədim Ark - Buxaradan reportaj

15:38 - 07 / 09 / 2018
Çingiz xanı baş əydirən minarə, qədim Ark - Buxaradan reportaj

Səmərqənddən ayrılıb, öz gözəlliyi, tarixi abidələri, qədimliyi ilə heç də geri qalmayan Buxaraya yola düşürük. Buxara Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir, yaşı 2500 ildən artıqdır. Burda da qədim Şərq memarlığını əks etdirən məscidlər, mədrəsələr var.

Şəhərlə tanışlığa sonuncu Buxara əmiri Mir Seyid Alimxanın yay iqamətgahından başlayırıq. “Sitoray Mohi Hossa” adlandırılan yay iqamətgahı  aypara və ulduz formasında tikilib. “Sitoray Mohi Hossa” böyük həyəti əhatə edir.

Bura Buxaranın ən sərin hissəsi hesab olunur. Belə ki, “Sitoray Mohi Hossa”nın tikintisi üçün yerin seçilməsinə dair maraqlı hekayə var. Deyilənə görə, əmir iqamətgahın tikilməsi üçün Buxarada ən sərin yerin tapılmasına göstəriş verib. Qoyinlar kəsilib və harda ki, 7 gün ərzində ət xarab olmayıb, tikinti üçün də məhz həmin ərazi seçilib. Bura yayda sərin, qışda isə isti olur. Mərkəzi Asiyada ilk fontan məhz əmirin yay iqamətgahında qurulub. Hazırda həmin fontan təmir olunur və gələn il işləyəcək.

İqamətgah bir neçə hissədən ibarətdir. Buradakı ağ zal əmirin mərasimlər keçirdiyi yer olub. Həmçinin, qəbul otağı, mətbəx və s.zallar olub. Əmir burda altı il yaşayıb, rusların hücumundan sonra isə qaçmağa məcbur olub. 

Bələdçinin sözlərinə görə, əmir Sankt Peterburqda hərbi təhsil alan zaman ikinci Nikolayın bacısı Lyudmila ilə tanış olur və aralarında sevgi yaranır. Geri qayıtdıqdan sonra ona iqamətgahın həyətində barokko stildə ayrıca ev tikdirir.

Lakin müharibə başladığına görə Lyudmila Buxaraya gələ bilməyib. Əmirin rəsmi olaraq 4 arvadı olub, amma ümumilkdə hərəmində 40 qadın saxlandığı deyilir. Dörd rəsmi evliliyindən 4 uşağı olub, digər qadınlarla əlaqəsindən ümumilikdə 37 uşağının olmasına dair məlumatlar var. Əmir qaçandan sonra Əfqanıstanda yaşayıb. 1944-cü ildə Kabulda ölüb,  qəbri hazırda Əfqanıstandadır. Ruslar hücum zamanı onun oğlu Şaxmurad Alimxanovu oğurlayıblar və atasından imtina etməyə, ona qarşı çıxamağa məcbur ediblər.Həmin oğlu rus ordusunda xidmət göstərib.

Nəvəsi hazırda Türkiyədə yaşayır, bir müddət əvvəl Buxarada olub və çox böyük hörmətlə qarşılanıb. Deyilənə görə, əmir tovuz quşlarını çox sevib və indi də iqamətgahın həyətində  tovuz quşları saxlanılır. Burada əmirin geyimləri, bəzi əşyaları da sərgilənib.

Çingiz xan bu minarənin qarşısında baş əyib

Buxaranın tarixi məkanlarından bir olan Poyi Kolondur. Burada üç tarixi abidə yerləşir. Sağda Kolon məscidi, solda Mir Arab mədrəsəsi, ortada isə çox hündür olan Kolon minarəsi var.

Kolon minarəsi ilə Mir Arab mədrəsəsinin arasında da qədimdən bəri mövcudluğunu qoruyan qapalı bazar və sair mövcuddur. Buxara Böyük İpək yolu üzərində yerləşdiyindən bura əsas ticarət mərkəzlrindən biri olub, ona görə də ərazidə qədim karvansaralar, bazarlar var.

Bu meydanda ən qədim olanı məhz Kolon minarəsidir. Onun 1127-ci ildə Qaraxanilərin hakimiyyəti dövründə tikildiyi məlumdur. Qaraxanilər dövründə Buxara İslam dünyasının ən dəyərli şəhərlərindən olub. Minarənin hünüdürlüyü 46 metrdir və Böyük İpək Yolu üzərində mayak rolunu oynayıb. Bu minarə ilə bağlı maraqlı rəvayət var.

Deyilənə görə, Çingiz xan ordusu ilə Buxaranı işğal edərkən Poyi Kolon meydanına gəlib. Minarənin təpəsinə baxmaq üçün başını qaldıranda dəbilqəsi yerə düşür. O, dəbilqəsini götürmək üçün əyilir və bu zaman “Mən heç vaxt kiminsə qarşısında təzim eləmədim, yalnız bu minarənin önündə əyildim...” deyir. 20-ci əsrdə rusların basqını zamanı minarənin yuxarı qülləsinin yarısı düşüb, sonra isə yenidən bərpa edilib.

Üç min uşağın qətli

Kolon məscidi ( böyük mənasını verir) İslamdan əvvəl Zərdüştlərin məbədi olub. Amma Kutayba ibn Müslim məbədi sökdürüb yerində gördüyümüz bu məscidi tikdirib. XVI əsrdə isə Abdulla xan köhnənin yerində məhz bu məscidi inşa etdirib. Məscid eyni anda 12 min insanın namaz qıla biləcəyi qədər genişdir.

Çingiz xan Buxaranı işğal edərkən atla məscidə girir. Bu zaman məscidin imamı namaz qılırmış və namazını pozub Çingiz xana tərəf baxmayıb, Bundan qəzəblənən Çingiz xan elə namaz üstündə onun başını vurur. Amma bu son olmur. O, burada üç min müsəlman uşağı öldürür. Məscidin həyətində həmin uşaqların xatirəsinə məqbərə tikilib.

Mir Arab mədrəsəsi islam dünyasıın ən dəyərli abidələrindən biridir. XI əsrdə Buxaraya gələn yəmənli şeyxə insanlar Mir Arab deyirdilər və mədrəsə də onun adını daşıyır. Burada indi də dini təhsil verilir. Divarına vurulan şəkillər və yazılı lövhələrdən də aydın olur ki, burada dünya islam tarixində olduqca məşhur insanlar təhsil alıb. O cümlədən, Çeçenistan prezidenti Ramzan Kadırovun atası, hətta Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də Mir Arab mədrəsəsində təhsil alıb və hazırda onların şəkilləri digər məşhurlarla birgə mədrəsənin girişində vurulub.

Buxaranın “qədim şəhər” hissəsi ən çox gəzilən ərazilərdən biridir. Burada çoxsaylı turistlərlə qarşılaşdıq.

Ümumiyyətlə, son iki il ərzində şəhərə gələn turistlərin sayı sürətlə artmaqdadır. Məsələn, ötən il şəhərə yarım milyon turist gəldiyi halda, bu ilin 6 ayı ərzində onların sayı 1 milyon nəfəri ötüb.

Xarici investorlar da Buxaraya böyük maraq göstərirlər. Onlar şəhərdə yeni müasir otellərin tikintisi üçün danışıqlara başlayıblar.

Təxminən 40 hektar ərazisi olan qədim Buxarada 15-16-cı yüzilliklərdən qalma çox sayda mədrəsə, qapalı bazar və digər binaları mövcuddur. Məsələn, Mirzə Uluqbəy mədrəsəsi 1417-ci, Əbdüləli xan mədrəsəsi isə 1652-ci ildə tikilib. XVI əsrdə tikilmiş qapalı bazar və digər onlarla bina qədim tarixin yadigarlarıdır.

İsmayıl Səmani türbəsi

Buxaradakı ən qədim dini abidələrdən biri Orta Asiyada tikilmiş ilk türbə olan İsmayıl Samani türbəsidir. Abidə IX əsrdə, 865-ci ildə tikilib. Burada İsmayıl Samaniyə məxsus məzar yerləşir.

Türbə mövcud olduğu 11 əsr ərzində təmir olunmayıb. Səbəb isə budur ki, qədimdə səhradan qalxan qum fırtınası zamanı türbə yüz illərlə qumun altında qalıb. Ona görə də təbii şəkildə mühafizə olunub. Biz həmin abidəni ziyarət edərkən orda çoxsaylı tacik turistlər də gördük. Bu da səbəbsiz deyil. Səmanilər Özbəkistanda hökmdarlıq edib. Ərəb xəlifəliyi dövründə onlar Orta Asiyada ilk dövlət qurur və dövlətin dili fars dili olur. Buna görə də Səmani Tacikistanda qəhrəman kimi qəbul olunur. Bura rusların işğalı zamanı zərər görməyən yeganə abidədir.   

Türbədən bir qədər aralıda isə Eyyub peyğəmbər çeşməsi yerləşir. Rəvayətə görə, o zaman insanlar susuzluqdan əziyyət çəkirmiş, Eyyub peyğəmbər çomağını yerə vurur və bu ərazidən su çıxmağa başlayır.

Sonra isə 1380-ci ildə Əmir Teymur burda məqbərə tikdirib. İçəridə bir məzar da var, onun da Eyyub peyğəmbərə məxsus olmasına inanlar var. Başqa rəvayətə görə isə, bu məzar Eyyub adlı digər  bir adama məxsusdur.

Belə ki, həmin şəxs Məkkəyə getməyi arzulayan, lakin gəzə bilməyən anasını kürəyinə alaraq Məkkəyə 2500 km yolu aparır. Bu gözəl əmələ görə də həmin şəxs burada dəfn olunub.

Çeşmədən ayrılıb “Bolo Hovuz” (Hovuzun dibi) və ya el dilində “Qırx sütun” deyilən məscidə də baş çəkirik. İbadət evini 1713-cü ildə Buxara əmiri Şahmurad tikdirib.

Məscidin qarşısındakı meydanın solunda ayrıca minarə ucaldılıb. Meydanın ortasında isə “Bolo Hovuz” yerləşir. Məscidə ona görə “qırx sütun” deyilir ki, onun qarşısında 20 sütun var ki, günün müxtəlif vaxtlarında hovuzun suyunda əks olunur və bu zaman hovuza baxana elə gəlir ki, 40 sütun mövcuddur.

Buxaranın simvolu - Ark qalası

Buxaranın simvolu olan Ark qalasının ərazisi 4 hektar olub, indi isə 1 hektar qalıb. Qalanın təməli e.ə. 4-cü yüzillikdə qoyulub. 16-cı yüzillikdə indiki halına gəlib çatıb. Burada əmirin sarayı, qarşısı meydan olan böyük qəbul salonu, məscid (əvvəl üç məscid olub, hazırda biri qalır), vəzirin, digər məmurların evləri (ümumilikdə qalanın daxilində 3 min insan yaşayıb), atlar üçün tövlə və s. olub. Ruslar qalanı işğal edərkən xəzinəni soyub-talayıb, təxminən 10 vaqun sərvəti Moskvaya aparıblar.

Tarixi mənbələrə görə, buranı İran şahzadəsi Səyavuş tikdirib. Səyavuş o dövrün əfsanəvi hökmdarı Əfrasiyobun qızı ilə evli olub. Xalq onu o qədər sevirmiş ki, vəzirin buna paxıllığı tutur. O, şah Əfrasiyoba deyir ki, Səyavuşun onun arvadına gözü düşüb, üstəlik də taxtı ələ keçirmək istəyir.

Şah inanır və kürəkənini bu qalada amansız şəkildə edam etdirir. O zamandan indiyədək Baxara camaatı hər il Novuzda, 21 martda Səyavuşun xatirəsinə xoruz kəsir. Buxara əmirləri 1920-ci ilə qədər Ark qalasında yaşayıblar. Qalada əmirlər burada əyləşirmiş.

Buxarada baş çəkdiyimiz son məkan Bəhaəddin Nəqşibəndinin şəhər ətrafında yerləşən Qəsri-Arifan kəndindəki məscid-türbəsi oldu.

1318-1389-ci illərdə yaşamış Şeyx Nəqşibəndi Sufizmin təbliğatçısıdır. Onun fikrincə, insanın ürəyi Allahla olmalı, yaxşı əməllərə sahib olmaldır. Sadəcə ibadət etməklə kifyətlənmək olmaz, halal yaşamaq lazımdır. Burda əmir Müzəffər xanın zamanında (1860-1885-ci illər) tikilmiş biri kişilər, digəri isə qadınlar üçün olmaqla iki məscid var. Həyətin yuxarısında Şeyx Nəqşibəndinin məzarı yerləşir.

Tarixə görə, Əmir Teymur Nəqşibəndini pir kimi qəbul edib. XIV əsrdə məzar üzərində türbə, XVI əsrdə isə məqbərə tikilib. Burada böyük bir məzarlıq da var ki, orada əmirlər, vəzirlər, saray əyanları dəfn olunub...

Beləcə, Buxara ilə vidalaşırıq. Geriyə Daşkəndə dönüb, ordan isə Bakıya, yazdıqca, bölüşdükcə  bitməyəcək, heç vaxt unudulmayacaq zəngin təəssüratlarla qayıdırıq.

Sonda səfərin təşkilinə görə, Özbəkistanın Bakıdakı səfirliyinə, Özbəkistan Hava Yollarının Bakı nümayəndəliyinə, bu ölkən Turizmin İnkişafı üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk.

Pərvanə Sultanova

 

Paylaş:
3109

Son xəbərlər

Bütün xəbərlər