“Samur” dövlət sərhədindən buraxılış məntəqəsində xidmətin səviyyəsi yoxlanılıb - FOTO

Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkilinin vəziyyətini yoxlayıblar.
DSX-nin mətbuat mərkəzindən 1news.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı prosedurlarının təkmilləşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin dəyərləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər aparılıb. Bu söhbətlərdə son dövrlərdə dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliyyətində nəzərəçarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrənilib, təklif və müraciətləri dinlənilib.
Sonra general-polkovnik Elçin Quliyevin və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət sərhədindən keçən şəxslərin hüquqlarının qorunması ilə bağlı tapşırıq və göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələr, o cümlədən sərhəd və gömrük təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edilməsinin üsul və metodları haqqında geniş fikir mübadiləsi aparılıb.
“Samur” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər müzakirə olunub.
Vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib və cari il noyabrın sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinin daha da asanlaşdırılması, rejim zonasının yaxınlığındakı infrastrukturun yaxşılaşdırılması məqsədilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısındakı ərazinin abadlaşdırılması və səliqəyə salınması məsələləri Qusar Rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasov ilə müzakirə olunub. Müvafiq tədbirlərin qısa müddət ərzində görülməsi qərara alınıb.
1news.az





