Səfir: Birbaşa hava reysinin açılması ən prioritet məsələlərdən biridir
İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşnehin 1news.az-a müsahibəsi
-Cənab səfir, Azərbaycan İordaniya əlaqələrində ötən müddət ərzində hansı yeniliklər baş verib?
-Mən artıq dörd ildir ki, Azərbaycanda səfir kimi çalışıram, bir il sonra diplomatik fəaliyyətim başa çatacaq. Ötən dörd il ərzində əlaqələrdə bir sıra inkişaflar, irəliləyiş baş verib. Ölkələr arasında bir çox qarşlıqlı səfərlər baş tutub. Bu diqqəti cəlb edən bir məqamdır. Əlaqələrin möhkəmlənməsinə, güclənməsinə hər iki tərəfin böyük marağından irəli gələn bir amildir. Səfərlərin baş tutmasnda ən böyük rolu Azərbaycan diplomatiyasının beyəlxalq aləmdə ciddi fəallığı oynayır.
Azərbaycan tərəfinin təşkil etdiyi beynəlxalq səviyyəli görüşlər, tədbirlər bütün dünyanın diqqətini özünə cəlb edir. Hər il demək olar ki, İordaniyadan ən azı keçmiş dörd nazir və yaxud da hazırda çalışan nazirlər, məsul işçilər Azərbaycana səfərlər edir, keçirilən beynəlxalq tədbilərdə iştirak edirlər.
Bunların içərisində böyük siyasi şəxsiyyətlər də vardır. Məsələn ötən il Azərbycana həm Nümayəndlər Palatasının sədri, həm də Senatın sədri səfər edib. Əmmanın bələdiyyə sədri, Gənclər Nazirliyinin nümayəndə heyəti burda olub. Bu, əlaqələrin davamlı olmasında, irəli aparılmasında çox gözəl bir amildir. Bu nümunələri ona görə gətidim ki, əlaqələri hər zaman iqtisadi, ticari əlaqələrlə ölçmək lazım deyil. Düzdür, bu sahədə əlaqələr də çox mühümdür, amma əsas məsələ bütün sahələrdə əməkdaşlığı möhkəmləndirməkdir.
Bu il ən çox diqqəti cəlb edən məsələ Azərbaycan-İordaniya müştərək hökumətlərarası komissiyasının üçüncü iclasının Əmmanda keçirilməsi idi. Bu komissiya hər iki ölkənin əməkdaşlığının yüksəldilməsində mühüm rol oynayır. Azərbaycan iclasda iqtisadiyyat nazirinin rəhbərliyi ilə böyük nümayəndə heyəti iə təmsil olundu. Həmin görüş çərçivəsində iki ölkənin bütün sahələrində əlaqələrinə dair məsələlər müzakirə edildi. Hər iki tərəf dialoqu davam etdirməyi, iclasda əldə edilmiş qərarların yerinə yetirilməsinə dair razılığa gəldilər.
-İordaniyada bu yaxınlarda hökumət dəyişikliyi baş verdi. Bu, nə kimi yeniliklərə səbəb oldu?
-Hökumət dəyişikliyi çox böyük müsbət dəyişikliklərə səbəb olub. Bir çox ölkələrdən fərqli olaraq, İordaniya çox azad bir ölkədir. İnsanlar dinc şəkildə nümayişə çıxırdılar, öz fikirlərini, arzularını bildirirdilər. Hökumətdən haqlı tələbləri var idi. Kral həzrətləri dərhal onların istəklərini yerinə yetirməyə hazır olduğunu bildirdi. Həmin nümayişlər ərzində heç bir xoşagəlməz hadisə, toqquşma baş vermədi. Nümayişlər çox sivil, dinc şəkildə baş tutdu. Xalqın tələbinə uyğun olaraq Kral həzrətləri hökumətin dəyişməsinə qərar verdi. İndi bizim yeni hökumətimiz var, ölkənin siyasi və iqtisadi həyatını daha da möhkəmləndirmək, gücləndirmək üçün hökumət ciddi səylər göstərir.
İordaniya həm də böyük çağırışlara da məruz qalır. Ancaq ən böyük çağırışlardan biri iqtisadiyyatla bağlıdır. Baxmayaraq ki, İordaniya bir sıra böhranlarla üzləşib, iqtisadiyyatımız çox qüvvətlidir. Yəni öz problemini özü həll etməyə qadirdir. Qaçqınlar problemi də mövcuddur, lakin ümid edirik ki, Suriya böhranı yavaş-yavaş öz həllini tapacaq. Suriyalı qardaşlarımız öz doğma torpaqlarına qayıdıb, ölkələrini yenidən qurmağa imkan tapacaqlar. İordaniya da yeni Suriyanın qurulmasında öz töhfəsini verməyə hazırdır.
İkincisi, bütün dövlətlərin məruz qaldığı terrorizmdir. Bir müddət əvvəl bir qrup insan Salt deyilən ərazidə terror əməlləri törətməyə cəhd etdilər. Lakin İordaniya bu əməllərin həyata keçirilməsinin qarşısını ala bildi. İnsan itkisi oldu, təhlükəsizlik orqanları əməkdaşlarının beş nəfəri həlak oldu. Amma qarşısı alınmasaydı, bu, min nəfərin bəlkə də ölümünə gətirib çıxara bilərdi. Təəssüf ki, terrorizmin hüdudu, dini, forması yoxdur. İstənilən vaxt terrorla qarşılaşa bilərsən. İordaniya bu kimi terror aktarının qarşısını almağa qadirdir.
-Azərbaycanla İordaniya arasında iqtisad-ticari əlaqələrin səviyyəsi nə yerdədir?
-Əlaqələrimiz inkişaf edir, iqtisadi sahədə aşağı templə inkişaf gedr və bu, başqa sahələrlə ayaqlaşa bilmir. Amma bu o demək deyil ki, iki ölkə arasında heç bir iqtisadi ticari əlaqə yoxdur. Gediş gəliş var, əlaqələr mövcuddur. Təxminən illik ticarət dövriyyəsi 15 milyon dollar civarındadır. İnsanlar arasında biznes əlaqələri qurulub. Bunları görəndə çox məmnun olursan. Bu o deməkdi ki iordaniyalılar da Azərbaycanı yaxından tanımağa başlayıblar, biznes- ticarət əlaqələrinin qurulmasna son dövrlərdə maraq çox artıb. Azərbaycanlılar isə əksinə, İordaniyaya turist kimi getməyi xoşlayırlar. Turist kimi səfər edənlərin sayı il ərzində təxminən iki min nəfərdən çox olur.
- Hökumətlərarası komissiyanın iclasında turizmin inkişaf ilə bağlı tədbirlrin həyata keçirilməsi də qərara alınmışdır. Bununla bağlı hansı işlər görülür?
-Səfirlik olaraq bir sıra şirkətlərlə görüşlər keçirmişik materiallar, məlumatlar vermişik, amma daha geniş fəaliyyətə ehtiyac duyulur. İordaniyada turizm çox inkişaf edib, dünyanın hər yerindən turistlər gəlirlər. İordaniya iqtisadiyyatının əsas mənbələrindən birini turizm təşkil edir. Səfilik iki ölkə arasında turizmin inkişafı ilə bağlı istənilən dəstəyi verə bilər. Amma qərarların həyata keçirilməsinin də zamana ehtiyacı var.
Birbaşa hava reysinin açılması ən prioritet məsələlərdən biridir və daim müzakirə olunur. Burda iki məsələ var. Birincisi, reysin rentabelli olması, yəni sərnişin məsələsidir. İkincisi isə uçuşları həyata keçirəcək şirkət. Əgər Bakı- Əmman reysi alınmasa, belə bir təklif var, Əmman-Gürcüstan-Bakı-Əmman reysi. Yəni burdan başlamaq olar. İordaniya -Azərbaycan turizm əlaqələri zəifdir. İordaniyadan Gürcüstana çoxlu sayda turist gəlir. Birbaşa reys olarsa, turizm sahəsində inkişaf mümkündür.
-Cənab səfir, ABŞ prezidenti Donald Tramp bu günlərdə Fələstin qaçqınlarına yardım göstərən beynəlxalq təşkilata Ameriknın yardımının dayandırılması barədə qərar verdi. Bu barədə nə deyə bilərsiniz?
- İordaniya və bir çox digər dövlətlər tərəfindən bu qərar böyük narazılıqla qarşılanıb. Həmin təşkilata ən böyük yardım ABŞ-dan gəlirdi. Beş milyon fələstinliyə yardım göstərirdi. İordaniya qaçqınları ən böyük sayda qəbul edən ölkədir. İordaniyada 1 milyon 300 min suriyalı, 2 milyondan çox fələstinli qaçqın var. Bunlar hələ rəsmi rəqəmlərdir.
Bu təşkilat 1967-ci ildən bəri fələstinlilərə təhsil, səhiyyə, digər humanitar yardımlar göstərib. BMT-nin Fələstinə yardım Beynəlxalq təşkilatıdır(ONRW). Bütün dövlətlər bu təşkilata yardım edirlər. Dövlətin belə bir yardımdan imtinası yaxşı hal deyil. İordaniya Fələstinə yardımla bağlı konfrans çağırmağı qərara alıb. Azərbaycan hər zaman Fələstin qaçqınlarının yanında olub, onları dəstəkləyib, humanitar məsələlərdə hər zaman öndə gedən dövlətlərdən olub. Bu ayın sonu, oktyabrın əvvəlində konfransı keçirməyi düşünürük. Azərbaycan da ora dəvət ediləcək.
-Amerika Fələstini İordaniyaya birləşdirməyi təklif edib. Buna necə baxırsınız?
-İordaniya Kralı bununla bağlı deyib ki, konfederasiyanı kimlə edək? Bəlkə orda Fələstin dövləti var. Konfederasiya o zaman olur ki, dövlətlər birləşir. Axı Fələstin dövləti yoxdur, bu, vaxtından əvvəl və yerində deyilməmiş bir sözdür. Fələstin dövləti yarandıqdan, suverenliyini bəyan etdikdən, torpaqları qaytarıldıqdan sonra biz fikirləşərik ki, aramızda əlaqələr necə olacaq. Hazırda İordaniya fələstinlilərə bütün növ köməkliyi göstərir. Biz onlarla artıq müştərək bir xalqa çevirmişik, əhalimizin 30 faizini təşkil edir. Biz iki qardaş xalqıq. Vaxtə çatanda iki dövlət özü əlaqələri müəyyən edəcək.
Pərvanə Sultanova