Göygölün 2 kəndinə qaz verildi
Göygöl rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) 1news.az-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində İB tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.
Sentyabrın 13-də Göygöl rayonunun Şəhriyar və Kərəmli kəndlərinə təbii qaz verilib. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, 342 abonenti olan Şəhriyar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 640 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 19 min 291 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 100 abonenti Kərəmli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 800 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 5 min 64 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan kəndlərdə qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda rayonun Çaykənd kəndinin qaz təsərrüfatının yenidən qurulması ilə yanaşı Qızılca, Yeni Qızılca, Sərkar kəndlərində və Bəhrambağ qəsəbəsində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
1news.az