Yankauskas: Naxçıvan bərpa edilən enerji sahəsində böyük uğurlar əldə edib
Avropa İttifaqı Azərbaycan tərəfdaşlığı, qarşılıqlı münasibətləri inkişaf edir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.
1news.az xəbər verir ki, bunu Naxçıvan Muxtar respublikasında(MR) təşkil edilən "Avropa günləri" çərçivəsində keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.
O bildirib ki, ilk dəfədir ki, qurum Naxçıvanda belə böyük tədbir keçirir: "Burada Aİ-yə üzv olan 17 ölkənin səfirliyi 60 nümayəndə ilə təmsil olunur, onların ikisi, Finlandiya və Danimarka qeyri- rezident səfirlikdir".
Diplomat deyib ki, Azərbaycanın neft və qeyri-neft sektoruna ən böyük sərmayə yatıran tərəfdaş məhz Aİ-dir. Hazırda Azərbaycanda Aİ şirkətlərini sayı 385-ə çatıb: "Biz Azərbaycanı Cənubi Qafqazda stabil, əmin-aman, multikultural bir tərəfdaş kimi görürük".
Səfir vurğulayıb ki, Aİ-dən olan bir sıra şirkətlər Naxçıvan MR-da bərpa edilən enerji, kənd təsərrüfatı sahələrinə sərmayə yatırıb. Naxçıvan bərpa edilən enerji sahəsində böyük uğurlar əldə edib.
Yankauskas əlavə edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfəsi olacaq. Onun sözlərinə görə, Azərbaycanda günəş enerjisi, su və külək enerjisinin generasiyası kimi sahələrində inkişaf üçün böyük potensial var.
P.Sultanova