Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsi tərəfindən birlikdə ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 74 ədəd partlamamış hərbi sursat (62 ədəd LPS patronu, 10 ədəd PQ-7 raketi və 2 ədəd PQ-9 raketi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Havanın qaranlıq olması ilə əlaqədar olaraq ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı növbəti gün davam etdiriləcək.
1news.az