Bakı Limanında iki ədəd yeni yedək gəmisinin istismarına başlanılıb - FOTO - VİDEO
Bakı Limanında iki ədəd yeni yedək gəmisinin istismarına başlanılıb.
Sentyabrın 28-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin donanmasının tərkibinə iki yeni “Alat” və “Silk Way” yedək gəmiləri daxil edilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq sifariş olunan yedək gəmiləri Beynəlxalq Dəniz Təşkilatının standartları və Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının üzvü olan “Bureau Veritas” Təsnifat Cəmiyyətinin nəzarəti altında inşa olunub.
Xatırladaq ki, cari il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının açılış mərasimi keçirilib. Ən son texnoloji imkanlara malik kranların, yükqaldırıcı və yüknəqledici avadanlıqların istismara verilməsi, müasir liman əməliyyat sisteminin qurulması və hazırda iki yedək gəmisinin əməliyyatlara cəlb olunması ilə yeni Bakı Limanı dünya standartlara cavab vermiş olur. Bütün bunlar, Prezident İlham Əliyevin yeni Bakı Limanına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub.
Bu gün istismara verilən yeni yedək gəmiləri, müasir radionaviqasiya, xilasedici və yanğınsöndürmə avadanlıqları və sistemləri ilə təmin olunub, gücü 1220 kilovat (KVt) olan iki baş mühərriklə təchiz edilib.
Onların texniki göstəriciləri sərt hava şəraitində limana daxil olan gəmilərin yanalma əməliyyatlarında yardımetməyə imkan verir. Bu gəmilərin yanacaq, içməli su ilə təchizatı və digər texniki xüsusiyyətləri onların limanda fasiləsiz istismarına şərait yaradır. Eyni zamanda, gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı liman akvatoriyasında baş verən yanğın hadisəsinə ilkin müdaxilə etməyə imkan verir.
“Alat” gəmisinin uzunluğu 14.90 metr, eni 5.90 metr, ümumi tutumu 56 ton, gəminin sürəti isə 10 uzel (18.5 kilometr saatda) təşkil edir. “Silk Way” gəmisinin uzunluğu 17 metr, eni 6.80 metr, ümumi tutumu 82 ton, sürəti isə “Alat” gəmisi ilə eynidir.
Türkiyədə istehsal olunan gəmilərin istifadəyə verilməsi mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yeni yedək gəmilərin istismara verilməsi münasibətilə liman əməkdaşlarını təbrik edib və Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin reallaşmasında limanın artan rolunu qeyd edib.
Bakı Limanının baş direktoru Taleh Ziyadov çıxış edərək yeni Bakı Limanında 2 yeni yedək gəmisinin istismara verilməsini limanda dünya standartlarına cavab verən xidmətlərin göstərilməsi istiqamətində daha bir vacib addım kimi dəyərləndirib.
Mərasimin sonunda hər iki gəminin heyəti liman buxtasında gəmilərin texniki göstəricilərini, yanğınsöndürmə kimi əlavə imkanlarını və gəmi heyəti üçün komfortlu xidmət imkanlarını qonaqlara nümayiş etdirib. Qonaqlar liman ətrafında yeni gəmilərlə səfərə çıxaraq onun əməliyyat imkanları ilə əyani tanış olublar.
Xüsusilə qeyd etmək istərdik ki, yeni liman ildə 15 milyon ton yük, həmçinin 100 000 TEU konteyner aşırmaq gücündədir.