Səfir: Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə dair mövqeyimiz dəyişməzdir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə dair mövqeyimiz dəyişməzdir - FOTO

10:53 - 05 / 12 / 2018
Səfir: Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə dair mövqeyimiz dəyişməzdir - FOTO

Qazaxıstanın Bakıdakı səfirliyində Birinci Prezident Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik missiyalarının rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV-in təmsilçiləri iştirak ediblər.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxışında qeyd edib ki, müstəqillik illərində Qazaxıstan mürəkkəb inkişaf və genişmiqyaslı islahatlar yolu keçib, böyük nailiyyətlər əldə edib. O, Qazaxıstanın hazırda dinamik inkişaf edən iqtisadiyyata malik müasir dövlət, beynəlxalq proseslərin fəal iştirakçısı, regional və qlobal təşəbbüslərin müəllifi olduğunu deyib.

Diplomat çətin dövrlərdə Nursultan Nazarbayevin ölkənin inkişafa doğru irəliləməsindəki rolundan danışıb, dövlət başçısının səyləri sayəsində qısa müddətdə Qazaxıstanın inkişaf etmiş ölkələr sırasına çıxdığını vurğulayıb:

"Qısa müddət ərzində çox işlər görülüb, lakin hələ qarşıda daha çox işlər var. Mürəkkəb geosiyasi proseslər şəraitində qlobal iqtisadiyyatı XXI əsrin reallıqlarına uyğunlaşdırmaq, çağdaş çağırışlara cavab tapmaq və yeni problemləri həll etməyə ehtiyac var ".

Azərbaycanla münasibətlərə toxunan Beybit İsabayev iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib, Qazaxıstanın Azərbaycan ilə dostluq və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində tutduğu mövqeyin dəyişməzliyini vurğulayıb.

Xatırladaq ki, 2012-ci ildən etibarən, hər il 1 dekabr tarixi Qazaxıstanda Birinci Prezident Günü kimi qeyd olunur. 1991-ci il dekabrın 1-də baş tutan seçkilərdə Nursultan Nazarbayev Qazaxıstan prezidenti seçilib.

P.Sultanova

 

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər