YUNESKO-nun tədbirində ermənilərin təxribat xarakterli cəhdlərinin qarşısı alınıb - FOTO

26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası Azərbaycan dövləti üçün bir sıra uğurlu nəticələrlə yadda qaldı. Belə ki, ilk olaraq 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın “Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələri”nə dair 5 illik hesabat qəbul edildi.
1news.az-ın məlumatına görə, bunu XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan milli komissiyanın baş katibi Elnur Sultanov YUNESKO-nun Qeyri-maddi mədəni irsinin qorunması üz Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında yekunlarına həsr edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, hesabatda Çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilmiş tədbirlər, həmçinin Ermənistanın Azərbaycanın Qarabağ regionunu işğalı nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapıb, Qarabağdan zorla qovulmuş Azərbaycan əhalisinin müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq Çövkən oyununu yaşatmağa çalışdığı və bu istiqamətdə dövlətin icmaları dəstəklədiyi göstərilib.
İclasda Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək hesabatın Azərbaycan tərəfinə geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirə aparılıb və Ermənistanın bu cəhdi həmişə olduğu kimi yenə də iflasa uğrayıb. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri Komitə tərəfindən dəstəklənməyib.
Ermənistanın iddialarına qarşı çıxış edən Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi qeyd edib ki, hesabat beynəlxalq hüququn, BMT nizamnaməsinin və YUNESKO-nun müvafiq konvensiyasına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb və sənəddə ölkəmizdə çövkən oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini tapıb.
Səfir komitə üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etməməyə çağırıb.
Sessiya çərçivəsində “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələrin YUNESKO səviyyəsində qorumaqdır.
E.Sultanov bildirib ki, Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, Azərbaycanın aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparılıb və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib.
Hökumətlərarası Komitənin 13-cü sessiyasınında ölkəmiz üçün daha bir uğurlu hadisə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi olub.
“Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.
Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə verməyib. Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran Azərbaycan nümayəndə heyəti Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da YUNESKO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bildirib.
YUNESKO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən – ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısında yer alır.
P.Sultanova