İlham Əliyev Serbiyanın baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçi qəbul edib.
1news.az xəbər verir ki, Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç, ilk növbədə, Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzuladı. Eyni zamanda, Rasim Lyayiç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdıraraq, Serbiya tərəfinin Prezident İlham Əliyevin Belqrada səfərini səbirsizliklə gözlədiklərini bildirdi. O, Belqradda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının uğurla keçirildiyini vurğulayaraq, orada əməkdaşlığımızın genişlənməsi ilə bağlı istiqamətlərin müəyyən edildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin səfərinin əlaqələrimizin perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Serbiya Prezidenti ilə bu il beynəlxalq tədbirlər çərçivəsində təmaslarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu qeyd etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyi bildirildi, iqtisadi sahədə əməkdaşlığın siyasi sahədə əlaqələrin səviyyəsinə yüksəlməsi istiqamətində səmərəli işlərin həyata keçirildiyi bildirildi, əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən infrastruktur, kənd təsərrüfatı, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.
Dövlətimizin başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.
1news.az
14:00
Prezident İlham Əliyev dekabrın 24-də Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.