Məlahət İbrahimqızı: Azərbaycan Prezidentinin sosial siyasəti xalqın rifahına yönəlib | 1news.az | Xəbərlər
Siyasət

Məlahət İbrahimqızı: Azərbaycan Prezidentinin sosial siyasəti xalqın rifahına yönəlib

13:28 - 25 / 12 / 2018
Məlahət İbrahimqızı: Azərbaycan Prezidentinin sosial siyasəti xalqın rifahına yönəlib

Cənab Prezident İlham Əliyev Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində işirakı zamanı çox məzmunlu və proqram xarakterli çıxış etdi.

Bunu 1news.az-a millət vəkili Məlahət İbrahimqızı dövlət başçısının çıxışına münasibət bildirərkən deyib.

“Bu, əlbəttə ki, ilk belə hadisə deyildir. İl ərzində həm Prezident İlham Əliyev,  həm Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox vacib layihələr həyata keçirilir. Belə hadisələrdən birinə biz dünən şahidlik etdik. Dekabrın 24-də həm də cənab Prezidentin doğum günü idi. Eyni zamanda bu il İlham Əliyevin hakimiyyətə gəlməsinin 15-ci ili tamam olub. Ötən 15 ili xatırlasaq, ilk seçki marafonunda o xalqa vəd etdi ki, ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq, bütün çadır düşərgələri ləğv olunacaq, qaçqınlarımız digər vətəndaşlarla eyni səviyyədə yaşayış şəraiti ilə təmin olunacaqlar. Həqiqətən də bu gün respublikamızda artıq çadır düşərgəsi qalmayıb. Elə ölkələr var ki, illərlə vətəndaşları çadırlarda qalır. Amma qısa müddət ərzində, heç bir beynəlxalq dəstək olmadan Azərbaycan öz gücünə bu işlərin öhdəsindən gəldi”,- deyə millət vəkili vurğulayb.

M.İbrahimqızı deyib ki, Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvasını tərk etmiş insanlarımız üçün həm müxtəlif bölgələrdə, həm də  Bakının müxtəlif rayonlarında qəsəbə və şəhərciklər salınır:

“Bunun da özünün çox böyük mənası var, bir kənddən, bir eldən- obadan gələn insanlar bir-birlərini itirməsinlər. Ona görə də bir çox hallarda onları üçün belə qəsəbələr salınır. Bu, həqiqətən də ən yükəsk səviyyədə qiymətləndirilməli siyasətdir”.

Deputat əlavə edib ki, Azərbaycan bütün uğrları ilə yanaşı, güclü Ordu yaratmağa da nail olub:

“Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik. Cənab Prezident dəfələrlə deyib ki, əgər danışıqlar yolu nəticə verməsə, biz bir qarış torpağımızı belə işğal altında qoymayacağıq və Azərbaycan digər variantlara əl atacaq. Azərbaycan Ordusu öz gücün aprel döyüşlərində, Naxçıvandakı uğurlu əməliyyatlarda göstərdi. Sadəcə olaraq, müharibə dağıdıcı bir prosesdir, böyük faciədir. Əgər müharibə başlayarsa, region silahların sınaqdan keçməsi meydanına dönər”.

M.İbrahimqızı bildirib ki, Azərbaycan rəhbərinin sosial siyasəti təkcə qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə deyil, ümumilikdə,  bütün sosial təbəqələrə, xalqın rifahına yönəlib.

“Cənab Prezidentin də dediyi kimi 2019-cu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Bizim çox böyük gözləntimiz var. Çünki artıq torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün şərtlər var: Prezidentimizin qətiyyəti, güclü və müdrik siyasəti, uzaqgörən diplomatiyası, Ali Baş Komandan kimi onun yaratdığı Ordu- xalq vəhdəti, xalqın haqq səsi. Yəni biz kiminsə ərazi bütövlüyünü pozmamışıq, bu bizim haqq işimizdir”, deyən millət vəkili vurğulayıb ki, Prezidentin bütün bu bəyanatları işğalçı Ermənistanı idarə edənlərə bir mesajdır ki, bir neçə gün ərzində silahlı qüvvələrini torpaqlarımızdan çıxara bilərik.

M.İbrahimqızı xatırladıb ki, ölkəmiz mühüm beynəlxalq layihələrin təşəbbüskarı və müəllifidir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində misilsiz rola malikdir. Dünyada enerji müharibəsi getdiyi bir vaxtda, Azərbaycan enerji dövləti olaraq dünya üçün mühüm əhəmiyyət kəsb edir. Və bizim bu məsələdə beynəlxalq dəstəyimiz var. Ölkəmiz bu gün beynəlxalq aləmdə güvənli, etibarlı bir tərəfdaşdır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mühüm beynəlxalq sənədlər qəbul edilib. Bunlar hamısı Azərbaycanın gücü, Ermənistan üzərində qələbəsidir.Təəssüf ki, ikili standartlar da qalmaqdadır. İstənilən halda bu, bizim haqq işimizdir, cənab Prezident də dövlətin gücünü, xalqının imkanlarını yaxşı bilir, ona görə də belə qətiyyətli, cəsrətli çıxışlar edir, işğalçıya mesajlar göndərir və qarşı tərəf də öz payını götürür”.

1news.az

 

Paylaş:
902

Son xəbərlər

Bütün xəbərlər