Mübariz Əhmədoğlu: Ermənistanda baş tutmuş “məxməri inqilab” kriminal mahiyyətli imiş

“Məxməri inqilab” dövründə Ermənistanda baş verən bəzi proseslər indi daha çox diqqəti çəkir.
O zaman əhalinin böyük əksəriyyəti sürət həddini aşma və yaxud yol hərəkəti qaydalarını pozmağa görə yazılmış cərimələrin ləğvini tələb edirdi. N.Paşinyan bu tələbi yerinə yetirdi. Böyük əksəriyyətin demək olar ki, cərimələri ləğv olundu. Bu da müəyyən mənada hüquqi boşluğa şərait yaratdı. Ermənistanda yol hərəkəti qaydalarının pozulması, küçədə quraşdırılmış kameraların vasitəsi ilə qeydə alınması, cərimələrin yazılması çoxdan müzakirə obyekti idi. Bu isə istər-istəməz kameraların işinin təkmilləşdirilməsinə səbəb olmalı idi. Ona görə kameraların yol hərəkəti qaydalarının pozulmasını qeydə almasında səhvlərin olduğunu düşünmürük. Ermənistanda əhalinin sosial-iqtisadi vəziyyəti ağır olduğu üçün cərimələr əhalinin maliyyə vəziyyətinə təsir edir.
Ən çox ehtimal etdiyimiz məsələ isə Ermənistanda əhalinin kriminallığa meylinin artmasıdır. Məhz kriminallığa meyl üstünlük təşkil etdiyi üçün əhali hüquqi sistemə zərbə vurmaq məqsədilə belə tələb irəli sürdülər. Nəticədə Ermənistan hüquq sisteminin nihilizminə doğru sürətlə irəliləyir: Kriminallıq artır, yol hərəkəti qaydalarının pozulması çoxalıb, qəzaların sayı hədsiz artıb. Hər gün Yerevan şəhərində güllə atışmalarıdır, kriminal nəticəsində ölənlər çoxalıb. Mənzil oğurluqlarının sayı xeyli artıb. Vətəndaşların əsaslı-əsassız həbs olunub, həbsdən azad edilmələri adi hala çevrilib. Korrupsiyaya qarşı mübarizə şouları kriminallıq üçün qidalı münit yaradır.
Ermənistanda kriminallığın sayının artmasını təkcə müxalifətçilər deyil, o cümlədən Ermənistan polisinin rəisi özü etiraf edir, bu istiqamətdə tədbirlər görsə də effekt alınmır. Çünki “məxməri inqilab” əhalinin kriminallıq hissini oyadıb.
Ermənistanın inqilabı da dünyada baş verən inqilablardan o qədər fərqli deyilmiş və bu inqilab da öz törəmələrini, övladlarını yeməklə məşğuldur; Bir neçə gün öncə N.Paşinyanın Vanadzor şəhəri ətrafındakı avtomobil trasının kənarında qoyulmuş heykəlinin qıçını sındırmışdılar. Yaxınlarda isə başını qoparıblar, heykəl başsız qalıb. Əslində bu kriminallığın Paşinyana ciddi mesajıdır. “Məxməri inqilab” N.Paşinyanı real olaraq yeməyə başlayıb. Virtuallıqda başsız qalan N.Paşinyan real həyatda linçə məruz qala bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq