2018-ci ildə Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə edilib – FOTO
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) 2018-ci il üzrə statistik məlumatlarına əsasən, Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə etmişdir. Onlardan 95 mini tranzit reyslərin payına düşür.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olmuşdur. Sutka ərzində rekord say 500 reys təşkil edib.
Həmin reyslərlə ümumilikdə 26 milyon sərnişin daşınmışdır. 6 min aviareys ən iri “Airbus A380” sərnişin laynerləri vasitəsilə yerinə yetirilib.
Hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur. Bu ilin fevralında Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılması ölkəmiz vasitəsilə tranzit axınını xeyli artırmağa imkan verib.
“Rekord göstəricilərə nail olmaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqəti və dəstəyi sayəsində mümkün olmuşdur. Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır və daha çox aviaşirkət tranzit dəhlizi kimi ölkəmizi seçir. Yüksək keyfiyyət, davamlılıq və təhlükəsizlik 2018-ci ildə davamlı inkişafımızın əsas tərkib hissəsi olmuşdur”, - AZAL-ın Prezidenti Cahangir Əsgərov bildirib.
Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO "Global ATM Summit" aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan vermişdir. Bakının namizədliyi Banqkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib.
S.Xankişiyeva