Əli Həsənov: Bizə demokratiya dərsi verənlərin özündə bu il demokratya ciddi sınaq qarşısında qaldı - VİDEO

Təəssüflər olsun ki, 2018-ci ildə dünyada bizə illərdir demokratiya dərsi verən ölkələrdə, demokratiya ilə bağlı həmişə bizə təlimlər keçən Avropa Şurasında, Avropa İttifaqında beynəlxalq qurumlarda, dövlətlərin özündə bu il demokratya ciddi sınaq qarşısında qaldı. Fransa illərdir dünya demokratiyasının nümunəsi sayılan ölkələrdən biri kimi bizə təqdim olunurdu, amma insanların adi hüquqları, vətəndaşların adi etiraz hüquqları orda nə qədər kobudcasına tapdandı.
1news.az xəbər verir ki, bunu Real TV-yə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2018-ci ilin yekunları barədə müsahibəsində deyib.
Ə.Həsənov bildirib: "Yaxud götürək Avropanın mərkəzi demokratiya nümunəsi olan ölkələrdən biri Niderlandda qısa müddət əvvəl keçirilən türklərin aksiyaları zamanı onların itlə, atla necə sınaq qarşısında qoyulmalarını. Başqa ölkələrdə də təxminən belə olub. Təəssüflər olsun ki, demokratiya artıq illərdir ki, ayrı-ayrı ölkələrin maraqları çərçivəsində istifadə olunur. Yəni demokratiyaya hər ölkə özünün daxili problemlərini, bir də xarici ölkələrlə əlaqələrini nizamlamaq üçün bir vasitə kimi baxır.
Demokratiya artıq dəyər deyil, bu və ya digər fəaliyyəti həyata keçirmək üçün vasitə kimi istifadə olunur. O cümlədən kiçik dövlətlərə təzyiq vasitəsi kimi. Deyək ki, yaxın orta Şərqdə aranı qatmaq, o dövlətləri, xalqları müəyyən proseslərə cəlb etmək üçün orda tətbiq olundu və ağır nəticələrini gördünüz. Dünyada yaşanan fəlakətlər, qaçqın, köçkün fəlakəti, insan fəlakəti. Bu gün özünün doğma ocağından Avropaya, yad məkanlara üz tutub qaçqın, köçkün həyatı yaşayan 100 minlərlə insan nə günə düşür, çaylardan, okeanlardan, dənizlərdən keçərkən nə qədər böyük fəlakətlər yaşanır. Bunlar hamısı həmin o bəzi transmilli güclərin demokratiyanı tətbiq etmək, güclə, zorla onu yaymaq, başqa ölkələrin daxilində “demokratik proseslər” təsis etmək istəyindən irəli gələn məsələlərdir".
Ə.Həsənov deyib ki, Azərbaycanın öz normaları var, öz qayda-qanunu var və biz bunu məsuliyyətli demokratiya adlandırırıq:
"Hər bir insan öz arzularını, istəklərini, yaxud bu və ya digər fəaliyyəti reallaşdıra bilə, bir şərtlə ki, başqa insanların hüquqlarını pozmasın, onun məsuliyyətini dərk etsin, yəni demokratiya bizim üçün dərk olunmuş nizam-intizamdır. Demokratiya dərk olunmuş insan azadlığıdır. İnsan hüquqları, azadlıqları hədsiz bir proses deyil. Bizim üçün demokratiya bir insanın azadlığı başlayan yerdə başqa insanın azadlığının bitməsidir. Yəni insan hüquqları arasında bir balans olmalıdır”.
Ə.Həsənov deyib ki, 2018-ci ildə müşahidə olunan pozitiv meyl kimi ABŞ-ın dünyada demokratiya sahəsində fəaliyyətini göstərmək olar:
"Bilirsiniz ki, Donald Tramp prezident seçiləndən sonra bəyan etdi ki, ABŞ başqa ölkələrə demokratiya dərsi keçməyəcək, onların daxili işlərinə qarışmayacaq, o ölkələrdə Amerikanın stilində demokratiya tətbiq etməyə çalışmayacaq. Bu doğurdan da belə oldu. ABŞ və onun müxtəlif institutları, o cümlədən həmin o Milli Demokratiya İnstitutu, Respublikaçılar institutu, başqa təşkilatlar artıq müəyyən qədər xarici ölkələrdə, xüsusilə də demokratiya yoluna yeni qədəm qoymuş, özlərinin növbəti gələcək inkişafını demokratiya ilə bağlamış ölkələri əvvəlki qayda ilə öyrətmək prosesindən bir xeyli geri çəkiliblər. Amma əvəzində ABŞ bu ölkələrə tərəfdaşlıq kursu elan edib. Dünyada yaşanana tendensiyalardan danışada əlbəttə ki, bu pozitiv meyli də nəzərə alırıq".
PA rəsmisi deyib ki, 2018-ci ilin Azərbaycan üçün əsas yekunlardan iri üçüncü kosmik peykimizin orbitə çıxarılmasıdır:
"Və dünyanın virtual informasiya məkanında biz artıq iştirak edirik. Təkcə istifadəçi kimi yox, o cümlədən təklif verən tərəf kimi bizim artıq sputniklərimizdən düyanın müxtəlif ölkələri istfadə edir.
Azərbaycan internet məkanında dünyada öncül yerlərdən birini tutur. Azərbaycan vətəndaşlarının 80 faizə qədəri internet istifadəçisidir. Ən azından post sovet məkanında Azərbaycanın bu sahədəki inkişafı görünəndir, diqqətçəkəndir və biz post sovet məkanının ən qabaqcıl ölkələri sırasındayıq”.
1news.az
Müsahibə ilə ətraflı bu linkdə tanış olmaq mümkündür: