Baker Tilly “Azərbaycan Respublikasının vergi qanunvericiliyində edilmiş son dəyişikliklər” mövzusunda seminar keçirib – FOTO – VİDEO
“Baker Tilly” şirkətinin təşkilatçılığı ilə yanvarın 16-da Four Seasons otelində “Azərbaycan Respublikasının vergi qanunvericiliyində edilmiş son dəyişikliklər” mövzusunda seminar keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən “Baker Tilly” şirkətinin Vergi və hüquq məsələləri üzrə partnyor müavini Nərmin Hacıyeva bildirib ki, seminarın məqsədi müştərilərimizi daim təkmilləşən vergi sistemində və qanunvericilikdə edilmiş mühüm dəyişikliklər barədə məlumatlandırmaqdan ibarətdir.
Seminarda Nərmin Hacıyeva ilə birlikdə, Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktor müavini Nicat İmanov, “Baker Tilly” şirkətinin vergi komandasının üzvləri Səyavuş Səfiyev və Rəşad Göyuşov da iştirak ediblər. Onlar vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin mahiyyəti, məqsədi və digər aspektləri barədə məlumat verərək, sonda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Müxtəlif sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkət nümayəndələrinin iştirak etdiyi tədbirdə, qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı sahibkarları narahat edən əsas məsələlər ətrafında müzakirə aparılıb və bu dəyişikliklərin sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət etməsi vurğulanıb.
Qeyd edək ki, dünyanın 147 ölkəsində fəaliyyət göstərən və özündə 126 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şirkəti, öz gəlirlərinə görə dünyanın 10 qabaqcıl mühasiblər və məsləhətçilər şəbəkəsi sırasında olmaqla, 2007-ci ildən bəri ölkəmizdə “Baker Tilly” şirkəti ilə təmsil olunur.
Azərbaycan bazarında 10 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.
Reklam hüququnda