Mübariz Əhmədoğlu: Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində yeni imitasiya variantı qurbansız ötüşməyəcək | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində yeni imitasiya variantı qurbansız ötüşməyəcək

12:10 - 25 / 01 / 2019
Mübariz Əhmədoğlu: Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində yeni imitasiya variantı qurbansız ötüşməyəcək

Davosda Ermənistanın baş naziri N.Paşinyanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə görüş keçirildi.

N.Paşinyanın yaydığı məlumatdan bəlli olur ki, ATƏT MQ həmsədrləri də hər bir yaranan imkanda görüşməyi tövsiyə ediblər. N.Paşinyanın ATƏT MQ həmsədrlərinin tövsiyəsinə əməl etməsi düzgün addımdır. Ermənistanda bu görüşlə əlaqəli yaranan ajiotaja verdiyi cavab müəyyən qədər onun yeni imitasiya variantını yaratdığını göstərir. Guya N.Paşinyan heç bir görüş imkanını əldən buraxmayacaq, amma sonda nəticə əldə olunmayacaq. Başqa sözlə, görüşlər görüş xatirinə olacaqdır.

Azərbaycan bunun çarəsini bilir və  Ermənistanın belə imitasiya variantlarını bir neçə dəfə neytrallaşdırıb. Serj Sərkisyan Ermənistanın prezidenti olarkən ən azı 3 dəfə publik şəkildə danışıqlardan imtina etdiyini, Azərbaycan mövqeyini dəyişməyənədək danışıqlar stolu arxasına qayıtmayacağını bəyan edib. Kazan görüşündən sonra rəsmi Yerevan belə bəyanat verdi. 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi 2 dəfə danışıqlar stolunu tərk etməklə bağlı rəsmi açıqlama yaydı. Amma sonradan Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət Ermənistanı şərtini udmağa və danışıqlar stoluna qayıtmağa vadar edib. Paşinyanın bunu nəzərə alması çox vacibdir.

Serj Sərkisyanın imitasiyası passivlik, Paşinyanın imitasiyası isə aktivlik üzərində qurulub.

Paşinyanın imitasiyasında ikinci istiqamət Ermənistanda arxaik millətçiliyini gücləndirməsidir. Silva Kaputikyan Dağlıq Qarabağ müharibəsini alovlandıran ideoloqlardan idi. S.Sərkisyanın dövründə heç bir qiymət almadı. İndi Silva Kaputikyanı populyarlaşdırması, onu az qala müqəddəsə çevirməsi bizim tərəfdən olduğu kimi başa düşülür.

N.Paşinyanın yeni imitasiya variantı ilk növbədə onun rəhbərlik etdiyi dövlət üçün təhlükəlidir. Əgər N.Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində nəticəyə yönəli addımlar atmayacaqsa ilk növbədə beynəlxalq aləmdən gördüyü xoşagəlməz münasibət daha da güclənəcək; ABŞ prezidenti D.Trampın təbriki Ermənistan üçün faktiki ultimatum idi. Ondan bir az öncə Rusiyanın Xarici İşlər naziri S.Lavrov Ermənistana rəsmi Bakıdan nümunə götürməyi tövsiyə etdi. Avropa İttifaqının mövqeyi də belədir. Ermənistan Avropa İttifaqına pul yalvara-yalvara ona cəmi 732 milyon avro vəsait ayırdı. Azərbaycan ümumiyyətlə demək olar ki, pul istəmədiyi halda Avropa İttifaqı Azərbaycana 2 milyard 70 milyon avro vəsait ayırdı. Ermənistan üçün xoşagəlməz, Azərbaycan üçün xoş olan münasibətlər seriyası davam edəcək.

İranın da Ermənistana münasibəti əvvəlki kimi deyil. Ermənilərin arzuladığından xeyli fərqlənir. Təsəlliverici istiqamətlidir. İranın Ermənistana indiki münasibətinin kökündə yalnız bir parametr-Livan parlamentində daşnak deputatların “Hizbullah”a vacibliyi dayanır. Bu faktora görə 2018 –ci il boyu- həm Serj Sərkisyanın, həm də Paşinyanın dövründə Livan –Ermənistan münasibətləri aktiv, amma gərgin olub. Yaxın aylarda İran üçün Livanın əhəmiyyəti azalacaq. Səbəblərini indi izah etməyəcəyik.

Paşinyanın imitasiyası sonda qurbanlar verməyə gətirib çıxaracaqdır. Əgər Paşinyan özünü qurban verəcəksə bu, Ermənistan dövlətçiliyinin ömrünü müəyyən qədər uzada bilər.

Cəsarətlə demək olar ki, Paşinyanın hakimiyyəti dövründə qazandığı ən böyük resurs Azərbaycan Respublikası Prezidentinin ona xoş münasibətidir. Ölkə Prezidenti nə vəd veribsə bütün vədlərini də həmişə olduğu kimi yerinə yetirib. N.Paşinyana verdiyi vədlərə həssaslığı daha aşkar şəkildə hiss olunur. Azərbaycan Respublikası Prezidentinin hamiliyini qəbul etməklə N.Paşinyan həm Ermənistan dövlətçiliyini, həm də özünün hakimiyyətini qoruyub saxlaya bilər. Bunun üçün Paşinyan Ermənistanda kriminal-xunta rejimi qurmuş Qarabağ klanının Azərbaycan torpaqlarının işğalı siyasətinin  davamına “yox” deməidir. Əks-təqdirdə N.Paşinyan özünün də, Ermənistan dövlətçiliyinin də qurban getmə variantı yarana bilər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

 

 

Paylaş:
443

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər