1993: Stalin repressiya qurbanlarının naməlum məzarlığı | 1news.az | Xəbərlər
Müsahibə

1993: Stalin repressiya qurbanlarının naməlum məzarlığı

13:38 - 09 / 02 / 2019
1993: Stalin repressiya qurbanlarının naməlum məzarlığı

Son zamanlar ictimaiyyətin diqqəti 1938-ci ildə edam edilmiş görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarının identifikasiya edilməsinə cəmlənmişdir.

Azərbaycan Prezidentinin xüsusi göstərişi ilə şairin qalıqlarının aşkar edilməsi üzrə işçi qrup yaradılıb. Komissiyanın tərkibinə AMEA-nın, səhiyyə, mədəniyyət nazirlikləri və d. dövlət strukturları nümayəndələri daxildirlər. Şəksiz, yaxın zamanlarda bu məsələyə aydınlıq gətiriləcəkdir.

Lakin dövrü olaraq sovet dönəmi kütləvi repressiya qurbanlarının məzarlıqları (xüsusilə Puta kəndi yaxınlığındakı, Böyük-Zirə adasındakı və d. yerlərdə) problemi gündəmə gəlir. Maraqlıdır ki, müstəqilliyimizin ilk illərində tarixi yaddaşımızın bərpası və tarixə yenidən baxış çərçivəsində bu məsələ aktuallaşdı. Buna səbəb, 1993-cü ildə Pirküşkül qəsəbəsi yaxınlığındakı hərbi poliqon ərazisində  kütləvi insan dəfninin aşkarlanması oldu.

Həmsöhbətimiz həmin dövrdə kütləvi məzarlıqda aparılan tədqiqat işlərinin iştirakçısı olmuş, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri arxeoloq Pərviz Qasımovdur.

- Zəhmət olmasa, bizə danışardınız, kütləvi dəfn necə aşkar olundu?

- Təmamilə təsadüfi. Hələ sovetlər dövründən etibarən həmin ərazi hərbi təlimlərin keçirildiyi poliqona aid idi. Müstəqilliyimizin ilk günlərindən hərbi hissə və poliqon respublikanın Müdafiə nazirliyinin tabeçiliyinə keçmişdi. Milli Ordu hərbçiləri, əsasən əsgərlər növbəti hərbi təlimlər zamanı səngər qazarkən çoxlu insan skeletlərinin olduğu çalalara rast gəlirlər. Belə bir versiya meydana çıxdı ki, bunlar, 1990-cı il 20 Yanvarda Bakıya hücum etmiş sovet qoşunları tərəfindən öldürülmüş inslanların qalıqlarıdır.

O dövrdə belə bir şaiyə gəzirdi ki, sovet hərbçiləri öldürdükləri insanların meyitlərini gizli şəkildə şəhərdən çıxarıb, Bakı yaxınlığında dəfn etmişlər.

- Pirküşkül məzarlığının tədqiqatı ilə birbaşa kim məşğul idi?

- Bakı şəhər hərbi prokurorluğu nəzdində idarələrarası komissiya yaradılmışdı ki, ora hərbi prokurorluq işçiləri, kriminalistlər, həmçinin, mərhum professor, tarix üzrə elmlər doktoru, arxeoloq Rəşid Göyüşovun başçılıq etdiyi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı təmsil olunurdu. Bu qrupa hal-hazırda İçəri şəhərdəki Arxeologiya muzeyinin əməkdaşı Ceyhun İzmayılov, foto-video çəkilişlər üzrə mütəxəssis Elçin Həsənov və o zaman gənc aspirant olan mən də daxil idik.   

- Qazıntılar nə zaman başladı?

- 1993-cü il oktyabrın sonunda biz baxış üçün əraziyə getdik. Hərbçilər tərəfindən 3 kollektiv dəfn- “qardaşlıq məzarlığı” qazılmışdı. Arxeoloqun baxımından qazıntılar “qeyri-peşəkar” idi. Üst nahiyədə insan sümükləri təmamilə qarışmış halda idi. Baxışdan sonra hərbi prokurorluq əməkdaşları ilə fikir mübadiləsi oldu. Qazıntıların planlanması, tədqiqatın maddi və nəqliyyat təchizatı, ərazinin mühafizəsi və s. məsələlər detallıqla müzakirə edildi.

Qazıntılar 1993-cü il noyabrın əvvəlində başladı. İş günləri hər səhər biz-arxeoloqlar xüsusi ayrılmış nəqliyyatla tədqiqat yerinə gəlirdik. Orada isə, bizim iştirakımız və rəhbərliyimiz altında xüsusi ayrılmış hərbçilər, əsasən də əsgərlərin köməyilə qazıntıları aparırdıq. Axşama doğru yeni tapıntılar yazılı qeyd edilir, tədqiq edilmiş çalalar konservasiyalanırdı. Hava şəraiti münasib olmayanda və d. hallarda hərbçiləri öncədən xəbərdarlıq edərək biz işləmirdik.

- Qazıntılar nə göstərdi?

-    Öncə ərazi barədə deyim. Ərazi bitki örtüyü olmayan iri və kiçik təpələrdən ibarət idi. Təsəvvür edin, böyük bir təpə və onun “belində” biri digərindən 5-6 addım məsafədə yerləşən kütləvi dəfnlərin olduğu düz xətt boyunca çalalar “zənciri”. Hər bir çalada 4-8 skelet. Biz 20-dən yuxarı belə çala aşkar etdik və arxeoloji qazıntı apardıq. Əgər səhv etmirəmsə, 200-dən yuxarı, əsasən müxtəlif yaşlı kişilərə aid qalıqlar aşkar edildi.

- 200-dən yuxarı? Bu ki kütləvi qırğındır?

- Bu yalnız tədqiqat dövründə aşkar edilmiş say idi. Fikrimizcə, orada yenə “qardaşlıq məzarları” var; həm qazıntı sahəsində, həm də ondan kənar.

Elə vizual müşahidənin ilk günündən, sonradan isə, qazıntıların nəticələrindən çıxış edərək, qalıqların 20 Yanvarda dinc mülki əhalinin güllələnməsinə aid olması versiyasını istisna etdik.1990-cı ildən 1993-cü ilədək, 3 il ərzində insan qalıqları bu qədər kəskin skeletləşə, xüsusilə də geyim və ayaqqabılar belə güclü şəkildə aşına bilməzdi. Həmçinin, biz, “qardaşlıq dəfnlərinin” 1918-ci ildə Mart və 1920-ci ildə qırmızı ordunun işğalı nəticəsindəki Azərbaycan əhalisinin  kütləvi qırğınları ilə əlaqəli olması versiyalarını da kənara atdıq. Yeganə versiya qaldı: sovet tarixinin Stalin dövrü. İlk tapıntılar bu versiyanı təsdiq etdi.

- Xahiş edərdim, artıq bu məqamdan təfsilatı ilə... Hansı faktlar bu versiyanı təsdiq etdi?

- İlk növbədə metal pulların, 30-cu il sovet qəpiklərinin aşkar edilməsi. Güman ki, qurbanlar qəpikləri alt paltarlarında və ya ayaqqabılarında gizlədirdilər. Həm də, əldə düzəlmə çəngəl və qaşıqlar, paltar və ayaqqabı qalıqları və d. tapıntılar; bunlar hamısı həbs düşərgəsi məhbusları üçün xarakterik idi.

Hər bir çalada skeletlərin pozlarına görə, meyitlər ştabel prinsipi ilə ikinin ikiyə qalaqlanmişdi, aşağıdakı ilk sırada üç meyit qoyulurdu. Məhz bu fakt belə bir ehtimal irəli sürməyə imkan verdi ki, dəfn olunanlar NKVD-nin qurbanları idilər. Bu qurum kütləvi qırğın törətdiyi zamanı belə dəfn təcrübəsindən istifadə edirdi. Bu cür “imza” 1915-1917-ci illərdə Anadolu və İranda müsəlman əhalinin kütləvi qırğınlarını törədən çar Rusiyası ordusu üçün xarakterik deyildi. Həmin hərbi dəstələr, artıq bolşevik-daşnak bayraqları altında 1918-ci ildə Azərbaycanda Mart soyqırımını törədəndə də silahsız azərbaycanlı əhalinin, əsasən kəndli kişilərin, qadınların, uşaqların meyitlərini və ya doğranmış hissələrini ya cinayət yerindən götürmürdülər, ya da xaotik şəkildə böyük quyulara atırdılar. Bu, Qubada Qudyalçay sahilindəki kütləvi məzarlıqda qeyd edilib. Əlavə edim ki, silahsız müsəlman əhalinin  kütləvi qırğını üzrə təcrübə qazanmış həmin hərbi dəstələr daha sonra Mərkəzi Asiyada əhalinin kütləvi qırğınlarında istifadə edilmişdi.

Biz mərhum antropoloq Rabiyə Qasımovaya tədqiqat üçün bir neçə kəlləni təqdim etdik. O, ölçmələr apararaq dəqiq müəyyən etdi ki, qalıqlar Cənubi Qafqaz regionuna aid deyil, onlarda Şərqi Avropanın irqi tipləri üçün xarakterik əlamətlər vardı. R.Qasımova qalıqlar arasında monqoloid cizgili kəlləni də müəyyən etmişdi, amma o da Cənubi Qafqaz əhalisinin antropologiyasına aid deyildi. Beləliklə, dəfn edilmişlər yerli deyildilər, amma müxtəlif xalqlara aid olmuşlar. Yaşına görə müxtəliflik (gəncdən tutmuş diş protezi olan qocaya kimi), hərbi geyimə xarakterik detalların tapılmaması, sovet ordusu hərbçiləri və ya vermaxtın əsir əsgərləri barədə versiyaları da inkar edirdi. Ötəri belə bir versiya var idi ki, qurbanlar tərcih edilmiş mülki sovet vətəndaşlarıdır. Lakin bu versiya tənqidə dözmürdü. Rusiyadan əsasən ailələr tərcih edilirdi, əsasən də qadınlar, qocalar, uşaqlar. Tədqiq edilən kütləvi dəfnlərdə həmin yaş-cins kateqoriyasına aid qalıqlar qeyd edilməmişdi.

-   Kütləvi qəbirlərdə basdırılmış kişilər mümkündür ki, əsasən slavyan xalqlarına mənsub olmuşlar?

- Ola bilər. İmperiya çoxmillətli idi, cəza dəstələrinin və cəzalandırılanların tərkibi eyni xalqların nümayəndələrindən ibarət idilər. Amma nə antropometrik ölçmələr, hətta nə də müasir genetik tədqiqatlar qalıqlara görə insanın etnik və dil mənsubiyyətini müəyyən edə bilmir. Bu yönlü tədqiqatlar qalıqların yalnız müəyyən dövrdə, müəyyən regionundakı müəyyən populyasiyasına mənsubluğunu təyin edə bilər. Bir regionda yaşayan oxşar antropoloji tipin daşıyıcıları yad dillərdə danışa bilərlər, fərqli xalqlara aid ola bilərlər. Yaxud, əksinə, eyni xalqın tərkibində fərqli antropoloji tiplərə və haploqrup fərqlərinə malik adamlar ola bilər.

- Ölümün səbəbləri...

- Bax, biz elə suallar blokuna yaxınlaşdıq ki, onlar indiyədək aydınlaşmayıb.

- Bu, cavabsız suallar bloku hansılardır?

- İlk növbədə, tarixlənmə. Biz xronoloji çərçivəni müəyyən etdik. Bu Stalin dövrü idi, konkret, 30-cu illərdən sonra... Amma dəqiq tarix?.. 20-ci əsrdə yaşamış insanın qalıqlarından seçmələr radiokarbon analizi üçün yararlı deyil. Bu analiz üçün xronoloji çərçivənin üst göstəricisi ən azından 18-ci əsrə müvafiq olmalıdır. Əgər bunun əksini ehtimal etsək belə, 90-cı illərin əvvələrində bu çeşidli analizləri aparmaq imkanımız yox idi.

İkinci məsələ, yazılı qeydiyyatdır. Axı, bu hadisələr, ölüm səbəbləri və qurbanların siyahısı barədə NKVD-nin məlumatları, protokolları və hesabatları olmalı idi. Bizim qazıntılarla paralel olaraq hərbi prokurorluq işçiləri də istintaq aparırdılar. Amma o zaman Rusiya ərazisində keçmiş KQB arxivlərində işləməyə icazə verilmirdi. Əgər keçmiş KQB arxivlərindəki bu məlumatlar azad istifadəyə verilsə idi, bizim hərbi müstəntiqlərin işi nə qədər asanlaşardı.

Biz yalnız bir “qardaşlıq məzarında” dəqiq olaraq zorakı ölüm nişanələrini qeyd etdik. Bir neçə kəllənin alın, gicgah və peysərində dəliklər və əks hissədə “çıxışda” xarakterik parçalanmalar vardı. Görünür, tapançadan yaxın məsafədən atəş açılıb. Amma tapdığımız və tədqiq etdiyimiz əksər qalıqlarda bu çeşidli əlamətlər yox idi. Vurğulayım ki, bariz əlamətlər kəllələrdə yox idi. Mümkündür ki, zorakılıqla öldürülənlərin sayı çox olub. Bir sözlə, “qardaşlıq məzarları” çalaları eyni vaxtlı deyildilər, hər bir kollektiv dəfnin öz “tarixi” vardı. Fikrimizcə, kütləvi ölüm və dəfnlər br neçə ayın içində davam edib.

- Mümkündür ki, onlar yoluxucu xəstəliklərdn ölmüşlər?

- İstisnadır. Bu suala cavabı hərbi hüquqşünaslar hələ qazıntılardan əvvəl almışdılar. Yoluxucu xəstəliklərdən ölmüş insanların, o cümlədən, məhbusların küləvi dəfn yerləri, hətta Stalin dövründə epidemioloji xidmətlər tərəfindən xüsusi qeyd edlirdi. Həmçinin, o dövrdə epidemiya qurbanlarının meyitlərinə münasibətdə dəfn deyil, kremasiya tətbiq edilirdi.

- Sizin tədqiqatlarınız və hərbi müstəntiqlərin istintaqı hansı nəticələr əldə etdi?

- Deyim ki, biz yalnız arxeoloji qazıntılarla öz tədqiqatlarımızı çərçivələndirmirdik. Bizim qrup tarixçilərdən, Stalin dövrü tədqiqatçılarından, hətta etnoqraflardan məlumat toplayırdı. Ümumilikdə, bu dəfnlər barədə nəticə belə idi: SSRİ-nin ikinci Dünya müharibəsinə qoşulmasından etibarən, “sovetlər ölkəsinin” Avropa hissəsi işğal edildikcə, əhalinin və sənaye müəssisələrinin şərqə tərcihi ilə yanaşı həbs düşərgələrindəki məhbusları da köçürürdülər. Belə nəhəng yerdəyişmədə, Həştərxan dəmir yolu qovşağında “tıxaclardan” qaçmaq üçün məhbuslarla dolu eşalonların bir hissəsini Bakıya yollayırdılar. Bakıda onların bir qismini bərələrlə Mərkəzi Asiyaya yola salır, digər hissəsini ağır işlər üçün burada saxlayırdılar.

1941-ci ilin sonundan başlayaraq Abşeronda alman tankalarının keçməsinə qarşı onlarla kilometrlərə uzanan tranşey-xəndəklər qazılırdı. Bunun üçün yerli mülki vətəndaşlardan ibarət “əmək dəstələr”indən (trudotryad) istifadə edilirdi. Təbii ki, “könüllü” mülki vətəndaşların zəhməti nəticə baxımından məhbusların qüvvələrinin istifadə göstəricilərindən geri qalırdı. Ona görə də məhbusların qul əməyindən istifadə edirdilər. Nəzərə alsaq ki, Stalin dövründə adi mülki vətəndaşların həyatı qara qəpiyə dəymirdi, müharibə dövründə, Bakının ətrafına gətirilmiş məhbusların saxlanma şəritindən, qidalanmasından danışmağa belə, dəyməz. Buna görə də, onlar içində kütləvi ölümün əsas səbəbi aclıq və zəiflik idi.

- Zorakı ölümləri necə izah etmək olar?

 - Belə desək, məhbuslar içində ara-sıra “qiyamçılar” olurdu və digərlərini qorxutmaq üçün onları güllələyirdilər. Bir məlumat var idi. Yaşlı şahidlərin xatirələrinə görə, Biləcəridə  məhbusları ağır işlərə birbaşa “stolıpinlərdən” və yük vaqonlarından aparırdılar. Yəni, müvafiq saxlanma yerləri olmadığından etap olunmuş məhbusları bilavasitə stansiyada konvoy altında vaqonlarda saxlayırdılar. Həmin mənbələrə görə, bir neçə dəfə dəmir yolu stansiyası qollarında hərbi qüvvələrin qurduğu keçilməz mühasirə müşahidə edilimiş və güllə səsləri eşidilirdi. Normal qida və su təchizatı olmadığından, ağır işlər, sözsüz ki, məhbusların qiyamlarına gətirib çıxarırdı.

- Dəhşətli tarixi hadisədir... Çox maraqlıdır, 90-cı illərin əvvəllərində bu kütləvilikdə məzarlığın aşkar edilməsi yalnız qısamüddətli rezonans yaratdı.

- Bizim nəsil 1993-cü ili yaxşı xatırlayır. Ölkədə siyasi xaos idi, ən əsası, erməni işğalçıları Azərbaycan torpaqlarını işğal edirdi, qaçqınların yüzminlik dalğaları, Yelsin Rusiyasının bizə düşmən münasibəti. Keçmiş SSRİ ölkələrinin öz faciələri var idi. O dövrdə Pirküşküldə, Azərbaycanda Stalin dövrü repressiya qurbanlarının kütləvi dəfnlərinin aşkar edilməsi barədə xəbər kimə maraqlı ola bilərdi? 

- Dəfnlərin sonrakı taleyi

- Tədqiqatlar bitdikdən sonra, bütün qalıqlar hərbi hissədən kənarda, Şamaxı yolunun yanında təpənin ətəyində torpağa verildi. Deyəsən, böyük olmayan abidə də qoyuldu.

Sözsüz ki, bu epizod özünün daha müfəssəl istintaqını gözləyir. Ən yaxşı olardı ki, respublika ərazisində sovet dövrü kütləvi qətl qurbanlarının dəfn yerləri dəqiqləşsin. Onlar qeyd olunmalı, qurbanların adı məlum olmalı, cəmiyyətə bu insanların faciəli ölümü barədə həqiqətlər deyilməlidir. Belə desək, millətlərindən, onların sırasında günahsız repressiya qurbanları və ya cinayətkarlar olmasından asılı olmayaraq , onlar tarixdə ən qəddar rejimin qurbanları idilər və belə dəhşətli ölümə layiq deyildilər.

-Maraqlı müsahibə üçün təşəkkür edirik!

Müsahibəni aldı: AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Arif Qafarov

Şəkildə:

Mərkəzdə zabit geyimində Rəşid Göyüşov, ondan sağda Pərviz Qasımov, solda Ceyhun İzmayılov qazıntı sahəsini mühafizə edən növbətçi hərbçilərlə

Paylaş:
2431

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər