Bakıda “Hindistan azərbaycanlı rəssamların gözü ilə” səgisi - FOTO

Hindinstanın Azərbaycandakı səfirliyində balaca rəssamların əl işlərindən ibarət “Hindistan azərbaycanlı rəssamların gözü ilə” adlı rəsm sərgisi təşkil olunub.
1news.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Hindistanın Azərbaycandakı müvzqqəti işlər vəkili Govindan Paçeni bildirib ki, hazırda ölkələrimiz arasında dostluq və bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf etməkdədir.
“Biz inkişaf edən əlaqələrimizi daha da genişləndirmək məqsədilə bir sıra əməkdaşlıq sahələrini müəyyənləşdirmişik. Əslində, Hindistanla Azərbaycan arasında əlaqələrin kökü çox qədim dövrlərə gedir. Məsələn, “Atəşgah” od məbədi ilə bağlılığımız buna sübutdur.
Son vaxtlarda Mədəni Mübadilələr Proqramını imzalamışıq və onun əsasında ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyə başlamışıq. Əminik ki, bu proqram əsasında daha böyük işlər görə biləcəyik”, deyə diplomat bildirib.
Əlavə edib ki, sərgidə 7-15 yaş arasında olan təxminən 100 rəssamın əl işləri sərgilənməkdədir. Hind mədəniyyəti və ənənələrini özündə əxz etdirən 150-dək rəsm əsərinin müəllifləri arasında ən azyaşlı rəssamın cəmi 7 yaşı olduğunu xatırladan G.Paçeni qeyd edib ki, həmin qəhrəman Arzu Şükürovadır.
Diplomat çıxışının sonunda vurğulayıb ki, iştirakçısı olduğumuz sərgidə əslində heç vaxt Hindistanı görməyən balaca rəssamlar ölkələrimiz arasındakı qədim və zəngin tarixi-mədəni əlaqələri təbliğ etməyə çalışıblar.
Azərbaycan Rəssamlar İttifaqı Qrafika şöbəsinin rəhbəri Arif Hüseynov bildirib ki, Hindistan səfirliyinin belə bir mədəni layihə həyata keçirdiyini ilk dəfədir görür və buna görə çox şaddır:
“Gördüyümüz bu rəsm əsərlərinin sahibləri azyaşlı balacalardır. Onlar heç vaxt görmədikləri Hindistan haqda öz təsəvvürlərini rənglərin dili ilə canlandırmağa çalışıblar”.
Daha sonra Rəssamlar İttifaqının fəxri üzvləri Aygün İsgəndərova və Elnurə İsgəndərova diplomlarla təltif olunublar. Bundan sonra isə sərgi iştirakçısı olan azyaşlı rəssamların diplomlarla mükafatlandırılması mərasimi keçirilib.
Tədbir hind müsiqisinin sədaları altında bədii hissə ilə başa çatıb.
P.S.