Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri ilə görüşüb - FOTO
Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.
1news.az xəbər verir ki, nazir Brüno Lömer Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirdi. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer dedi ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd etdi. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif etdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirdi və bunun üçün yaxşı zəmin olduğunu vurğuladı. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğuladı. Bildirdi ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd etdi. Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Fransalı nazir Hökumətlərarası İqtisadi Komissiyanın cari ildə iclasının keçirilməsi təklifini yüksək qiymətləndirərək, may ayında Avropada seçkilərdən sonra ölkəmizə səfərə gəlməyə imkanı olacağını dedi. Bildirdi ki, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər.
1news.az