İranın iqtisadiyyat naziri: Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindəyik
İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana gəlib.
Bu barədə 1news.az-a İranın Azərbaycandakı səfirliyindən bildiriblər.
Məlumata görə, nazir bu gün Bakıda keçiriləcək Azərbaycan-İran hökumətlərarası iqtisadi komissiyasının 13-cü iclasında iştirak edəcək.
F.Dejpəsənd mətbuata açıqlamasında deyib ki, İran Azərbaycanla əməkdaşlığı infrastruktur layihələrdən başqa digər sahələrdə genişləndirmək niyyətindədir.
İranlı nazir ölkəsinin Azərbaycanla çox uğurlu və tarixi əlaqələrinin olmasına diqqət çəkərək, səfərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə imkan verəcəyinə ümid etdiyini deyib.
O, Azərbaycan rəhbərliyi, baş naziri, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Sərhəd Xidmətinin rəisi və digər rəsmilərlə görüşəcək, maliyyə, turizm, əkinçilik, dəmiryolu sahələrində ikitərəfli əməkdaşlıqlar haqda müzakirələr aparacaq.
P.Sultanova