Prezident: Beynəlxalq mövqelərimiz möhkəmlənir
Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub.
1news.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.
Dövlət başçısı bildirib ki, bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır:
“Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik.
Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.
Prezident İlham Əliyev keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin paraflandığını xatırladıb:
“Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var”.
1news.az