Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisinə 1 milyon manat ayrılıb
Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd edilir ki, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
S.Xankişiyeva