Hikmət Hacıyev: Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir

Azərbaycan 2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" (BRI) təşəbbüsünü tam dəstəkləyir.
Çünki qədim İpək Yolunun bərpası bütün ölkələrin inkişafı və çiçəklənməsinə xidmət edəcək.
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "China Daily"yə müsahibəsində deyib.
H.Hacıyev bildirib ki, "Bir kəmər, bir yol" təşəbbüsü Çin və Azərbaycanın yaxınlaşması üçün çox böyük perspektivlər təqdim edəcək.
O deyib ki, Azərbaycan yeni əməkdaşlıq və dostluq körpüləri yaradır: "Biz bu ayın sonunda "Bir kəmər, bir yol" II Beynəlxalq əməkdaşlıq forumunu səbirsizliklə gözləyirik. Azərbaycan bu yüksək səviyyəli tədbirdə fəal şəkildə iştirak edəcək".
H.Hacıyev deyib ki, Azərbaycan dəniz limanları, aeroportlar, dəmir və quru yollarının daxil olduğu nəqliyyat şəbəkəsi yaradıb:
"Son illərdə 15 min km quru yolları tikilib və ölkə Xəzərdə iri dəniz limanlarından birini inşa edir. Bütün bunlar qədim İpək Yolunun mühüm nöqtələridir".
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 2017-ci il oktyabrın 30-da fəaliyyətə başladığını xatırladan PA rəsmisi deyib:
"Bakı-Tbilisi-Qars xətti "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əsas ixracat məqsədilə və aralıq dəhlizi qismində çıxış edir. Azərbaycan, həmçinin İran və Rusiyanın dəmiryolları sistemini birləşdirən Şərq-Qərb və Şimal-Cənub marşrutlarının inkişafı üzərində işləyir".
H.Hacıyev əlavə edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarını Çinə ixrac etməklə bağlı geniş müzakirələr aparılıb. Azərbaycan şirkətləri öz məhsullarını təbliğ etmək üçün dünyanın ən böyük bazarlarından biri olan və geniş imkanlara malik Çində keçirilən ərzaq və kənd təsərrüfatı sərgilərində fəal iştirak edirlər.
Onun sözlərinə görə, Çinin Qafqaz bölgəsi ilə ticarətinin demək olar ki, 50 faizi Azərbaycanın payına düşür, Azərbaycan bu ölkənin qiymətli kağızlar bazarına 1,7 milyard dollar sərmayə qoyub.
"İki ölkə arasındakı cari ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollardan çoxdur və mövcud olan çox yaxşı münasibətlər nəzərə alınsa, ikitərəfli ticarətin təşviq edilməsi üçün hələ də daha çox iş aparıla bilər", deyə Hacıyev əlavə edib.
1news.az