İlham Əliyev: "Azərbaycan “Bir kəmər, bir yol” layihəsini irəli sürdüyü təşəbbüslər çərçivəsində fəal irəlilədir"
"Azərbaycan "Bir kəmər, bir yol" layihəsini irəli sürdüyü təşəbbüslər çərçivəsində fəal irəlilədir".
1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Cənab Sədr, mənim ünvanıma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Mən Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək istərdim. Biz "Bir kəmər, bir yol" Forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik".
İlham Əliyev bildirib ki, bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir: "Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz "İpək Yolu İqtisadi Kəməri" haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq".
1news.az