Mübariz Əhmədoğlu: Paşinyanın Rusiyaya hədsiz yaltaqlanmağının səbəbi bir daha açıqlandı

N.Paşinyan Rusiyanın baş naziri D.Medvedevi evində qəbul etdi və bunu Ermənistanda ən hörmətli qonağa edilən yüksək ehtiram kimi təqdim etdi.
Paşinyanın Medvedev Yerevanda olduğu dövrlərdə “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Çarukyana qarşı mövqeyinin kəskin sərtləşməsi də diqqəti çəkib. Çarukyanın mandatının əlindən alınması, ya siyasət və ya biznes seçimi etməsi mövzusu gündəlikdədir. Q.Çarukyan Rusiya və Belarusla sıx əlaqəsi olan siyasi liderdir, eləcə də multimilyonerdir. 2016-cı ilin aprel döyüşləri zamanı Medvedev Yerevanda olarkən Ermənistan hökumətinin ayırdığı malikanədə deyil, məhz Çarukyanın evində gecələdi. İndi həmin Çarukyan Medvedevin Yerevana növbəti səfəri zamanı siyasi səhnədən silinir və müflisləşdirilir.
Təbii ki, bir-biri ilə əlaqəli məsələlərdir. Çünki Paşinyanın Rusiya istiqamətində siyasəti çox sadədir: Rusiyaya elə yaltaqlanmaq lazımdır ki, Rusiya Paşinyanın yaltaqlanmasına başı qarışsın, Paşinyan isə anti-Rusiya konsepsiyasını davam etdirsin. Paşinyan Putinə yaltaqlana-yaltaqlana Ermənistanın daxilində bütün Rusiyapərəst qüvvələri sıradan çıxardıb, o cümlədən Köçəryan da Rusiya tərəfindən Rusiyapərəst kimi qəbul edilir. Bu günlərdə Suriyadakı ermənilərin böyük bir qrupu da Yerevanın xəbəri ola-ola ABŞ-ın Suriyadakı hərbi koalisiyasına qoşuldu. Sabah Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində olan suriyalılar da bu prosesə çox ehtimalla cəlb olunacaq.
Paşinyanın Rusiyaya yaltaqlığı siyasiləşmiş məsələdir və hətta Paşinyan şərəf, namus məsələsini də bu anlayışa qoşub. Aram Xaçatryanın “Qayane” baletinin Moskvada nümayişi bunun vacib göstəricilərindən biridir.
Paşinyan başa düşür ki, Rusiyaya zərbə vurduğu dövrdə Ermənistan xaraba qalsa belə gələcəkdə Qərb o Ermənistanı düzəldə biləcək. Çünki ən azı Qərbin Ermənistan istiqamətində 8 milyard dollarlıq investisiya layihəsi hazırdır. Şərt budur ki, Ermənistan Rusiyadan aralansın və Paşinyan da bu yolu aparır.
Kreml Ermənistana qarşı yeni konsepsiya ortalığa qoymalıdır. RF Ermənistanın bütün ehtiyaclarını ödədiyi halda, ermənilər Rusiyaya xəyanətlə məşğul olublar və indi məşğuldurlar. Kreml Ermənistana verdiklərini geri almağa başlamalıdır.
Ən yaxşı başlanğıc Zəngəzurun Azərbaycana qaytarılmasıdır. Zəngəzur tarixən Azərbaycana məxsus olub. Orada azərbaycanlılar yaşayıb, sadəcə SSRİ yarandığı ilk illərdə Stalin Türkiyə ilə düşmənçiliyinin nümunəsi kimi bu addımı atdı. Azərbaycanlılarla məskunlaşmış Azərbaycan torpağı olan Zəngəzuru Ermənistana verdi ki, Azərbaycanla Türkiyə arasında birbaşa coğrafi əlaqə itsin və beləliklə Naxçıvan da anklav vəziyyətə düşdü.
Rusiya Ermənistanla iqtisadi əlaqələrində Azərbaycanın ərazi bütövlüyünü pozan addımları birdəfəlik aradan qaldırsa çox yaxşı ola bilər.
Dağlıq Qarabağdan erməni işğalçı qoşunları hissə-hissə çıxarılsın. Beləliklə Rusiya bu qaydada Ermənistanı lazımi həddə sala bilər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq