Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir

16:04 - 20 / 05 / 2019
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir

TAP layihəsi üzrə işlərin 87 faizdən çoxu tamamlanıb.

Hazırda Azərbaycan təxminən 40 milyard dollarlıq investisiya qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan Cənub Qaz Dəhlizi layihəsini reallaşdırmaqla Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı 7 ölkədən - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya nəql edəcək.

Bu boru kəməri zəncirinin Türkiyəyədək olan hissəsi, yəni Azərbaycan ilə Gürcüstanda genişləndirilən Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq istismar olunur, “Şahdəniz-2” qazı Türkiyəyə nəql edilir. Zəncirin son həlqəsi – Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi isə qrafik üzrə icra olunur. Artıq 3 ildir ki, TAP boru kəmərinin inşasına başlanılıb və layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 87 faizdən çoxu yekunlaşıb. Layihə Avropanın enerji təhlükəsizliyi, o cümlədən mənbələrin və marşrutların şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu boru kəmərinin Azərbaycanın kommersiya qaz həcmlərini 2020-ci ildə Avropaya çatdıracağı gözlənilir.

TAP layihəsinin reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub

“Trans-Adriatik” boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” qazını Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşərək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Artıq TANAP və TAP boru kəmərləri bir-birinə fiziki olaraq birləşdirilib. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olacağı gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avrodur. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib.

TAP layihəsi hazırda qrafik üzrə davam edir. Hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa edilir. Hazırda layihənin reallaşdırılması prosesi həlledici mərhələyə daxil olub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

TAP üzrə Avropadakı qaz sistemlərinin operatorları ilə birgə sınaq işlərinə başlanacaq

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb. Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. Yunanıstan, Albaniya və İtaliyada TAP marşrutu boyunca torpaqların 93 faizdən çoxu bərpa edilib. Üç ölkə üzrə TAP-ın marşrutunda boruların 98 faizi torpağa basdırılıb. Yay aylarında isə TAP üzrə Avropadakı qaz sistemlərinin operatorları ilə birgə sınaq işlərinə başlanacaq.

Kompressor və ölçmə stansiyalarının tikintisinin 85 faizdən çoxu yekunlaşıb

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır.

Kompressor və ölçmə stansiyalarının tikintisinin 85 faizdən çoxu tamanlanıb. Kipoidə boruların tədarükü tamamlanıb və boruların 90 faizdən çoxu qurulub. Suyun dayanıqlılıq sınaqları isə qrafik üzrə irəliləyir. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. Lazımi turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

TAP-ın keçdiyi 3 ölkədə işçilər 116 milyon kilometr yol qət edib və 41 milyon nəfər/saat iş görülüb

TAP konsorsiumu İtaliyanın “Saipem S.p.A” şirkəti ilə boru kəmərinin dəniz hissəsi üçün mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) müqaviləsi imzalayıb. TAP-ın Adriatik dənizində keçəcək 36 düyümlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə və təqribən 105 kilometr uzunluğunda olacaq. Müqavilə (mikrotunel daxil olmaqla) Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatı və quraşdırılmasını əhatə edir. İzolyasiya edilmiş 36 düyümlük borular və digər qurğular TAP tərəfindən təmin olunacaq.

Ötən ilin oktyabrında boru kəmərinin dəniz hissəsinin tikintisi işlərinə başlayıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək. TAP-ın dəniz hissəsinin inşası qrafikinə əsasən cari ildə həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq.

TAP üzrə Albaniya sularında artıq ilk dəniz borularının inşasına başlanılıb. Dəniz borular müvəffəqiyyətlə sahilə çıxarılıb. Belə ki, TAP-ın podratçısı “Saipem” şirkəti bu əməliyyatlar üçün “Castoro 10” gəmisindən istifadə edib. Polad borular sahilə 1,4 kilometr məsafədəki gəmidə qaynaqlanıb. Daha sonra sınaqlar aparılıb və borular dənizin dibinə endirilib. 1,8 kilometrlik ilk borular Fier yaxınlığında sahilə çıxıb. Uzunluğu 139 metr və eni 36 metr olan “Castoro 10” gəmisi boruları Albaniyanın dayaz sularında döşəməyə davam edir, bunun ardından fiber-optik kabelin çəkilişi də həyata keçiriləcək. TAP-ın dəniz hissəsində tikinti işlərinin 10 faizdən çoxu yekunlaşıb.

İtaliyada isə mikrotunelin tikintisi üzrə hazırlıq işləri davam etməkdədir. Hazırda boru kəmərinin qəbulu terminalında, mikrotunel sahəsində və dənizə çıxış hissəsində işlər aparılır.

TAP Bolqarıstanın qaza olan tələbatının təxminən 33 faizini, Yunanıstanın 20 faizini və İtaliyanın isə təqribən 10,5 faizini təmin edəcək. Boru kəmərinin keçdiyi 3 ölkədə işçilər 116 milyon kilometr yol qət edib və təxminən 41 milyon nəfər/saat iş görülüb.

TAP Avropa enerji bazarı üçün son illər irəli sürülən ən önəmli layihələrdəndir. Layihənin strateji əhəmiyyəti onun enerji təminatının təhlükəsizliyini, mənbələrin və marşrutların şaxələndirilməsini əks etdirməsindən irəli gəlir. Həmin amillər hazırda enerji tələbatının yarıdan çoxunu xarici mənbələr hesabına təmin edən və daxili enerji istehsalında nəzərəçarpacaq qıtlıq yaşayan Avropa İttifaqı üçün olduqca vacibdir. Bu baxımdan TAP Avropanın enerji siyasətində mühüm əhəmiyyət kəsb edir. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Əminliklə deyə bilərik ki, bu layihənin icrası qarşıdakı illərdə Azərbaycanın qlobal miqyasda təbii qaz aktoru kimi əhəmiyyətinin daha da yüksəlməsi və maliyyə imkanlarının artmasını təmin edəcək.

AZƏRTAC

Paylaş:
609

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər