Mübariz Əhmədoğlu: Ermənistan İrana qarşı sanksiyalara qoşulduğunun mesajını verir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan İrana qarşı sanksiyalara qoşulduğunun mesajını verir

12:17 - 29 / 05 / 2019
Mübariz Əhmədoğlu: Ermənistan İrana qarşı sanksiyalara qoşulduğunun mesajını verir

Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin dövlət ərzaq məhsullarının təhlükəsizliyi xidməti yaxınlarda İrandan gələn duzun tərkibində natrium və kalium ferrosianidlərinin çox olduğunu və buna görə də İrandan gələn duzun satışına qadağa qoyduğunu bəyan etdi.  Bu İran duzunun Ermənistan ərazisinə daxil olmasına qadağadır.

Çox maraqlı tarixçə də uydurublar; Ermənistan vətəndaşı guya bu quruma müraciət edib ki, İran duzunu 3 dəfə filtrasiya edib, amma yenə də zəhərli görünür. Nazirliyin də müvafiq laboratoriyaları analiz edib və İran duzunun zəhərli olduğunu müəyyənləşdirib.

Bundan az öncə Ermənistanın Nazirlər Kabineti Ermənistan ərazisində fəaliyyət göstərəcək Azad İqtisadi Zonaların siyahısını açıqladı. O siyahıda “Araz” Azad İqtisadi Zonanın adı yoxdur. Ermənistan da daxil olmaqla region dövlətləri üçün İranın təklif etdiyi “Araz” İqtisadi Zonanı rəsmi Yerevan rədd etdi.

Ondan da bir az öncə Ermənistan ərazisinə İran sementinin daxil olmasına qadağa qoymuşdu. İran sementi həm keyfiyyətcə yüksəkdir, həm də qiyməti aşağıdır. Guya bu Ermənistanın daxilində sement istehsalı sənayesinə zərbə vurur. Əlbəttə bu ziddiyyətli proseslərdə müəyyən siyasi qarışıqlar da var idi. Çünki Ermənistanda sement monopoliyası “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın əlindədir və N.Paşinyan bu kartdan istifadə edərək Çarukyanın da biznesinin mənşəyini gündəliyə gətirdi.

Paralel müqayisə aparmalı bir məsələ var: Rusiya Ermənistanın balıq məhsullarının öz ərazisinə daxil olmasına əksərən qadağa qoyur və bunu balıq məhsullarında arsenin çox olduğu ilə əlaqələndirir. Erməni mütəxəssislərinin fikrincə, onların heç ağlına da gəlmir ki, Ermənistan balıqları arsenlə harada qidalana  bilərlər. Ermənilər Rusiyanın balıqla bağlı Ermənistanın ünvanına dediklərini saxta və yaxud bəhanə hesab edirlər. Eynilə o bəhanədən istifadə edərək İran məhsullarının Ermənistana daxil olmasını qadağan edirlər.

Kasıb, İranla əlaqələrə ehtiyacı olan Ermənistan üçün İranla iqtisadi əlaqələrə qoyulan belə məhdudiyyətlər təsadüfi deyil. Rəsmi Yerevan ABŞ-ın İrana qarşı sanksiyalarına Ermənistanın qoşulduğu mesajını  verməyə məcburdur.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər