Fərid Şəfiyev: Trampın İlham Əliyevə göndərdiyi məktublar ABŞ-ın Azərbaycana yüksək önəm verdiyini göstərir | 1news.az | Xəbərlər
Siyasət

Fərid Şəfiyev: Trampın İlham Əliyevə göndərdiyi məktublar ABŞ-ın Azərbaycana yüksək önəm verdiyini göstərir

11:14 - 30 / 05 / 2019
Fərid Şəfiyev: Trampın İlham Əliyevə göndərdiyi məktublar ABŞ-ın Azərbaycana yüksək önəm verdiyini göstərir

Son bir neçə gündə (24 May və 28 Mayda) ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub ünvanlaması ABŞ-ın Azərbaycana yüksək önəm verdiyini və bölgədə liderlik rolunu aydın göstərir.

Bunu 1news.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Məktublarda müxtəlif mövzular əhatə olunur: terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq, ölkədaxili islahatlar və s. Adətən Müstəqillik günü ərəfəsində bələ məktublar daxil olmaqdadır. Lakin bu dəfə iki məktubun qısa bir zamanda göndərilməsi təsadüfü deyil. Çox güman ki, yaxın zamanlarda ikitərəfli əlaqələr çərçivəsində müəyyən inkişafın olmasını müşahidə edəcəyik”- deyə, F.Şəfiyev qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 24-də 28 may Respublika günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda ABŞ-Azərbaycan əlaqələrini “bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq kimi səciyyələndirir”. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən bu tərəfdaşlıq yüksələn xəttə üzrə inkişaf edir.

Məktubda qeyd olunur ki, Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri Avrasiyanın enerji xərisini dəyişdirir, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyanın tərkibində dünyanın müxtəlif qaynar nöqtələrində sülh və sabitliyin bərqarar olmasında fəal iştirak edirlər. Azərbaycan terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı fəal mübarizənin önündə gedən ölkələrdən biridir. 

ABŞ Prezidenti “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində” Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir.

ABŞ Prezidenti Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayır. Bir daha görünür ki, AB, Azərbaycanda həyata keçirilən islahatlar kursunu yaxından izləyir, onun nəticələrini görür və perspektivini yüksək qiymətləndirir.

D.Tramp Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində şəxsi iştirakını və səylərini təqdir edir.

ABŞ Prezidenti iki ölkə arasında tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayır.

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı ikinci məktubda bildirib:

“Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.

Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir.

Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”.

P.Sultanova

Paylaş:
805

Son xəbərlər

Bütün xəbərlər