Mübariz Əhmədoğlu: Paşinyanın Mxitaryana zəng etməsi tənzimlənməyə münasibətinin göstəricisidir

Bakı beynəlxalq aləmin vacib tərkib hissəsinə çevrilib. Müxtəlif tipli forumlar, yarışlar keçirilir. Bakıda dünyanın problemləri həll olunur. Bəzən Bakıya problemlər də gətirilir.
UEFA oyunu Bakının həmin bu problemləri həll etmək gücünü də nümayiş etdirdi. Dünya erməniliyi “Arsenal”ın oyunçusu Henri Mxitaryanın timsalında Azərbaycan üçün problem yaratmaq istədi. Ağıllarından müxtəlif variantlar keçdi, bütün dünya erməniliyinin əlində olan mətbuat resurslarını işə saldı. Müxtəlif siyasi təxribat qrupları hazırlayıb Bakıya göndərildi. Bakı hamısını neytrallaşdırdı. Ermənilərə bir sirr açım ki, inanın Bakı dünya erməniliyinin Azərbaycan üçün açdığı bu oyunları neytrallaşdırmağa siyasi və digər resurslarının heç 25-30 faizini xərcləmədi. Sağ olsun, bəzi ermənilər bizim pulumuzun da qayğısına qaldılar. Düşünürdülər ki, Azərbaycan Mxitaryanla bağlı qalmaqalı neytrallaşdırmaq üçün qazandığı bütün neft dollarını xərcləyəcək. Yox, neft dollarının bank hesablarına da toxunulmadı. Elə böyük maliyyə vəsaiti də xərclənmədi.
Bu təbliğat kampaniyasında ən vacib məsələ Ermənistanın Baş naziri Nikol Paşinyanın insan, dövlət başçısı kimi ifşası oldu. “Arsenal-Çelsi” oyunundan təxminən 4-5 gün qabaq Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçirildi. Orada Rusiyadan bacı-qardaş 2 erməni iştirak edirdilər. Sanki bu ermənilərin Bakıya gəlməsi bütün vəziyyəti dəyişdi. Qarsevan və Duxink Canazyan adlı bacı-qardaşlar təkcə çempionatda iştirak etmədilər, həm də Azərbaycan mətbuatının kifayət qədər diqqətini cəlb etdilər və Azərbaycanda hər şeyin, o cümlədən ermənilər üçün təhlükəsizliyin əla olduğunu bildirdilər. Bir az ondan öncə isə bədii gimnastika üzrə Bakıda digər çempionat keçirilmişdi. Orda da Rusiya yığma komandasının tərkibində erməni gənc iştirak edirdi. Səhv etmirəmsə 4-cü yeri tutdu, onun adı və familiyası tez-tez Azərbaycan televiziyalarında göstərilirdi.
N.Paşinyan əgər dinc tənzimlənmənin tərəfdarı olsaydı o, Bakıya gələn ermənilərə zəng edərdi, bu və ya digər dərəcədə bacı-qardaşla bağlı eyham vurardı. Bunu etmədi. Bakıda Avropa futbol çempionatı ərəfəsində N.Paşinyan Qazaxıstandan qayıdan kimi dərhal Henri Mxitaryana zəng etdi və Bakının rasist siyasətinə görə oyunda iştirak edə bilməyəcəyindən təəssüfləndiyini bildirdi. N.Paşinyanın İQ indeksi 50-60 arasında bəlkə də daha da azdır. Ya da doğrudan da bu adam kifayət qədər xəstə millətçidir. Çünki ən azı Bakıda olan digər ermənilərə də olan münasibəti görərdi, Ermənistanın özündən bəzi təşkilatların Bakıda keçirilən yarışlarla bağlı mövqeyini izləyərdi. Hər halda 2 məsələ göz qabağındadır:
1. N.Paşinyan ifşa olundu, bu adam savadsızdır, xəstə erməni millətçisidir və bu adamın İQ indeksi xeyli aşağıdır.
2. “Arsenal” üçün də nəticə çıxarılası məsələ var. Erməni mətbuatı və dünya erməniliyinin nöqteyi-nəzərincə “Arsenalın” 100 illik tarixi olmasına baxmayaraq nə qələbə əldə edibsə və bu gündə nə qələbə əldə edirsə bütün bunların hamısı Mxitaryanla bağlıdır. Gələcəkdə də “Arsenalın” əldə etdiyi uğurlar Mxitaryanla bağlı olacaq. Çünki ermənilərin tarixə münasibəti belədir. Ona görə “Arsenal” elə indidən hər şeyi etiraf etsin ki, bu komanda 100 il bundan qabaq da Mxitaryanın hesabına qələbə çalıb və 100 il bundan da sonra məhz Mxitaryana görə qələbə qazanacaq.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq