Politoloq: Son təxribat göstərdi ki, ordu Paşinyanın nəzarətində deyil

ATƏT MQ həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status kvonu qoruyub saxlamaq məqsədi güdür.
Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülh, atəşkəsə riayət olinması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib.
Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq.
Ermənistan hakimiyyəti bilməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq.
Beynəlxalq ictimaiyyət və ilk növbədə həmsədr ölkələr Ermənistanın bu təxribatını birmənalı şəkildə pisləməli və iki ölkə arasında substantiv danışıqların tezliklə başlanmasına nail olmalıdır. Bütün dünya tərəfindən qəbul olunmayan statis-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dəyişməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yolu açmalıdır.
Politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Nəzakət Məmmədova məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, qoşunların təmas xəttində zabitimizin snayper tərəfindən açılan atəş nəticəsində həlak olması birmənalı surətdə bunun qəsdən törədilmiş təxribat olduğunu sübut edir:
“Təbii ki, snayper hədəfə aldığı hərbi qulluqçunun rütbəsini, zabit olduğunu görür və hədəfdəki şəxsin rütbəsi nə qədər yüksək olarsa, bu, təxribatın miqyasının daha böyük, qarşı tərəfə ötürülən mesajın daha ciddi olmasına dəlalət edir. Hadisənin Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı baş verməsi də diqqətçəkən faktdır. Adətən, həmsədrlər, yaxud yüksək çinli şəxslər regiona səfər edərkən və Qarabağ münaqişəsi müzakirə obyekti olarkən belə hallar daha tez-tez baş verir. Məsələn, 7 il əvvəl 2012-ci ilin iyun ayında o zamankı ABŞ dövlət katibi Hillari Klinton bölgəyə rəsmi səfərə gələn zaman ABŞ-ın Dağlıq Qarabağ münaiqşəsinin dinc yolla və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmiş, o, burada səfərdə olduğu zaman 5 nəfər hərbçimiz işğalçı ordu tərəfindən öldürülmüşdü”.
Bu kimi halların həddən artıq çox olduğunu deyən politoloq Ermənistan ordusunun faktiki olaraq konstitusiyaya görə ölkəsinin silahlı qüvvələrinin ali baş komandanı olan Paşinyanın nəzarətində olmadığını söyləyib:
“Paşinyan baş nazir seçiləndən Ermənistan Müdafiə Nazirliyində demək olar ki, kadr dəyişikliyi edə bilməyib. Ermənistan ordusu və Dağlıq Qarabağdakı separatçı rejimin qeyri-legitim silahlı dəstələri hələ də Qarabağ klanının və onun bağlı olduğu dövlətin birbaşa tabeçiliyindədir. Lakin bunlar Paşinyanı baş nazir kimi məsuliyyətdən azad etmir, baş verən bütün təxribatlara ali baş komandan olaraq o, məsuliyyət daşıyır. Mayorumuzun şəhid edilməsi isə Ermənistandakı daxili qarşıdurmanın nəticəsi olaraq orduda ona qarşı duran qüvvələrin əli ilə Paşinyanı ölkəyə, xüsusən orduya və onun fəaliyyətinə nəzarət edə bilməyən, səriştəsiz baş nazir kimi ifşa etmək cəhdlərinin nəticəsi, eyni zamanda Minsk qrupu həmsədrlərinin öz aralarındakı ziddiyyətlərin təzahürüdür. Xüsusilə, ABŞ və Rusiya Cənubi Qafqazda münaqişələrə fərqli maraqlar nöqteyi-nəzərindən yanaşırlar və həmsədrlərdən biri digərinə, konkret olaraq Rusiya ABŞ-a münaqişənin həllində və ümumən regionda özünün əsas söz sahibi olduğunu, o istəməsə münaqişənin həllinin mümkünsüzlüyünü Ermənistan ordusunun snayperlərindən açılan atəşlə çatdırmaq istəmiş ola bilər”.
N.Məmmədova Minsk qrupu həmsədrlərinin hadisə ilə bağlı susqunluq nümayiş etdirmələrinə toxunaraq bildirib ki, belə bir münasibət gələcəkdə Ermənistanı yeni-yeni təxribatlara sövq edə bilər:
“Təəssüf ki, beynəlxalq ictimaiyyət, münaqişənin həlli ilə məşğul olan Minsk qrupu həmsədrləri buna lazımi münasibət bildirməli olduğu halda heç bir reaksiya vermədilər. Halbuki, hadisənin geniş təhqiqatı aparılmalı, günahkarlar ciddi şəkildə cəzalandırılmalı idi. Bu kimi münasibət gələcəkdə də Ermənistan tərəfindən bu cür təxribatların baş verməyəcəyinə, atəşkəsin pozulmayacağına zəmanət vermir”.
1news.az