Dünyanın ən bahalı brendləri - REYTİNQ
Britaniyanın WPP və “Kantar Millward Brown” şirkətləri dünyanın ən bahalı brendlərinin reytinqini hazırlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sözügedən şirkətlərin versiyasına əsasən, dəyəri il ərzində 52 faiz artaraq 315,6 milyard dollara çatan Amerikanın “Amazon” internet-reteyleri dünyanın ən bahalı brendlərin “BrandZ Top 100, 2019” reytinqində ilk yeri tutur. Ötən illə müqayisədə kompaniya reytinqdə iki pillə irəliləyib.
Ötən ilin lideri – Amerikanın “Google” kompaniyası üçüncü pilləyə enib. Onun dəyəri 309 milyard dollar həcmində qiymətləndirilir. “Apple” korporasiyası 309,6 milyard dollarla ikinci yerdəki mövqeyini qoruyub.
İlk beşliyə, həmçinin “Microsoft” (251,2 milyard dollar) və “Visa” (177,9 milyard dollar) kompaniyaları daxil olub. Onların ardınca “Facebook” sosial şəbəkəsi (158,9 milyard dollar), Çinin elektron kommersiya nəhəngi “Alibaba” kompaniyası (131,2 milyard dollar), “Tencent” telekommunikasiya kompaniyası (130,8 milyard dollar), “McDonald's” kompaniyası (130,4 milyard dollar) və AT&T telekommunikasiya kompaniyası (108,4 milyard dollar) gəlir.
1news.az