Meksikalı musiqiçilər Azərbaycan tamaşaçılarının zövqunu oxşayıb - FOTO

Məhşur meksikalı zərb aləti ifaçısı, bu ölkədə marimba alətinin hazırlanması və ifası ilə məşğul olan beş nəsil ustadların adətinin davamçısı Xavyer Nandayapa və zərb aləti ifaçısı Mirna Yam Beynəlxalq Muğam Mərkəzində marimba və digər zərb alətlərində ifaları ilə çıxış ediblər.
1news.az xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyinin Beynəlxalq Muğam Mərkəzi, Bakı Musiqi Akademiyası (BMA), Landmark otel və Türk Hava Yolları ilə əməkdaşlığı əsasında həyata keçirilən səfər çərçivəsində Xavyer Nandayapa BMA-da ustad dərsi keçib.
Maestro Nandayapa Akademiyanın tələbələrinə Meksika marimbasının xüsusiyyətlərini, tarix boyu alətin təkamülünü izah edib və müxtəlif ifa texnikalarını nümayiş etdirib. Marimba kimi xalq musiqisində yer alan, eyni zamanda klassik orkestrlərdə təmsil olunan zərb alətlərə istinad ediB. Tələbələr bəzi əsərləri ifa etmək və ifalarını yaxşılaşdırmağa dair maestro Nandayapadan birbaşa təlimatlar almaq imkanında olublar.
İyunun 24-də Landmark otelində tamaşaçılar Xavyer Nandayapa və Mirna Yamın təkrarsız ifasından zövq aldılar. Meksika musiqiçiləri tərəfindən ifa olunan Meksika, Latın Amerikası və Avropa bəstəkarlarının əsərləri dinləmək tamaşaçılara xoş anlar yaşatdı. Qeyd etmək lazımdır ki, maestro 30 illik səhnə fəaliyyətinə həsr olunan və Azərbaycan da daxil olmaqla, 17 ölkəni əhatə edən turu həyata keçirməkdədir.
P.Sultanova