Mübariz Əhmədoğlu: Moskva Qarabağda Azərbaycanın hərbi əməliyyatlarının başlamasında maraqlı ola bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Moskva Qarabağda Azərbaycanın hərbi əməliyyatlarının başlamasında maraqlı ola bilər

10:31 - 28 / 06 / 2019
Mübariz Əhmədoğlu: Moskva Qarabağda Azərbaycanın hərbi əməliyyatlarının başlamasında maraqlı ola bilər

Söhbət Ermənistanın, xüsusən Nikol Paşinyanın atdığı anti-Rusiya addımlardan getmir. N.Paşinyan üzdə yaltaqlandığı halda  reallıqda ciddi anti-Rusiya addımlar atır və bu sifarişdir. AŞPA-da Ermənistan nümayəndə heyətinin səsvermədə iştirakı bunun növbəti nümunələrindəndir.

Rusiyanın strateji müttəfiqinə yaraşmayan iştirakdır. Söhbət həm də D.Tonoyanın Qərbpərəst planlar reallaşdırmasından getmir; vəziyyət kifayət qədər qat-qat ciddidir. Ermənistan həm Gürcüstan, həm də İran tərəfdən blokadaya düşə bilər. Gürcüstanda baş verənləri Rusiya Qərbin oyunu kimi dəyərləndirir. Rusiyanın fikrincə, Gürcüstandakı anti-Rusiya hərəkət Qərbin Gürcüstanda möhkəmlənməsinə və sonda Ermənistanı da öz arxasınca aparmasına yönələcək. ABŞ-İran müharibəsi də region üçün çox təhlükəli vəziyyət vəd verir. İranın atdığı bəzi addımlar da Rusiya üçün o qədər də aydın vəziyyət yaratmır. Çaldıranda terrorçu qruplaşmanın üzvlərinin öldürülməsi ilə bağlı yayılan məlumat artıq İranın hadisələrin ağırlıq mərkəzini ölkənin şimalına-Azərbaycan və Ermənistan istiqamətinə keçirdiyini göstərir. İranın Çaldıranda terrorçu qruplaşmanın həbsi ilə bağlı yaydığı məlumatın sonda Ermənistanın xeyrinə və ziyanına olacağını heç kəs deyə bilməz. Azərbaycanla əlaqəli məsələləri qoyuruq bir tərəfə, indiki regional proseslərdə hədəf Ermənistandır. Həm İran tərəfdən Ermənistan üçün qeyri-müəyyənlik, həm də Gürcüstan tərəfindən baş verənlərdə təhlükə Kremli ciddi narahat edir. Belə vəziyyətdə ən aydın çıxış yolu və ya Rusiyanın mövqeyini möhkəmləndirən variant Mehri dəmir yolunun işə başlaması ola bilər. Mehri dəmir yolunun işə başlaması Rusiyanın Cənubi Qafqazdakı iştirakını artıracaq, geosiyasi, geoiqtisadi və hərbi mövqeyini gücləndirəcəkdir.

Mehri dəmiryolunun işə düşməsi Rusiyanın İran və Türkiyə coğrafiyasında da mövqeyini xeyli gücləndirəcəkdir. İndi RF üçün bunun əhəmiyyəti arxivacibdir.

Mehri dəmir yolunun işə düşməsi indiki anda daha çox Ermənistanın özünün maraqlarına cavab verir. Çünki Gürcüstanda və İranda gedən müharibələr Ermənistanı blokadaya sala bilər və blokadanın da nə vaxt açılacağı bəlli deyil.

Mehri dəmir yolunun işə düşməməsinin yeganə maneəsi Ermənistandır. Mehri dəmir yolunun işə düşməsi üçün Azərbaycan torpaqlarının böyük bir qismi işğaldan azad olunmalıdır. Ermənistanın siyasəti Rusiyanın iştirakının artmasının əleyhinədir. Ermənistanın bu siyasəti təsadüfi deyil; Rusiyanın regiona buraxılmaması ermənilər üçün Dağlıq Qarabağ münaqişəsindən daha böyük geosiyasi divident yarada bilər. Ona görə Rusiya Dəmir Yolları Açıq Cəmiyyətinin sədri A.Mişarin yaxında Yerevanda olduğu halda Baş nazir N.Paşinyan onu qəbul etməkdən imtina etdi. Onun Ermənistana səfəri çox böyük hay-küy yaratdı. Ən azı Ermənistan rəhbərliyi A.Mişarinin Ermənistana səfərində Mehri dəmir yolunun açılmasında təzyiqi gördülər və ona görə də belə reaksiya verirlər.

Ermənistan dinc yolla Mehri dəmir yolunun açılmasına razılıq vermirsə, Rusiya əlavə addımlar barədə fikirləşməlidir. Müharibənin elementlərinə, hərbi əməliyyatların ümumi parametrlərinə görə ən risksiz hərbi əməliyyatlar Azərbaycanın Dağlıq Qarabağdan Ermənistana gedən koridorları vurub dağıtmasıdır. Laçın koridoru və digər zərbə altına qoyulacaq ərazilər Azərbaycanın əraziləridir və orada əhali yaşamır. Əhali tələfatı olmadığı, Azərbaycanın öz ərazisi olduğu üçün heç bir dövlət irad bildirə bilməyəcək.

İkinci ən vacib istiqamət Ağdərədən Kəlbəcər istiqamətinə qədər yarımçıq qalmış hərbi əməliyyatları davam etdirib Kəlbəcərə və buradan da Ermənistanla sərhəddə çıxmaqdır.

Üçüncü variant Mehri dəmir yolu istiqamətində Lələtəpədən başlayaraq yarımçıq qalmış hərbi əməliyyatları davam etdirmək və Ermənistanla sərhədədək  dəmir yolunu azad etmək. Beləliklə Rusiyanın dəmir yolunun bərpası sahəsindəki fəaliyyətlərinə şərait yaratmaq olar.

Təbii ki, Rusiya bu  hərbi əməliyyatın hər üçündə maraqlıdır. Amma Arazqırağı variantda Mehri dəmiryolunun keçdiyi yolu azad edərkən İran faktoru nəzərə alınmalıdır. Çünki Arazqırağı həm də İranla sərhəd deməkdir. Qalan bütün hallarda Azərbaycan müharibəni apararkən heç bir əlavə maneə ilə rastlaşmayacaq, əksinə gələcəkdə Rusiya tərəfdən bunun əvəzində hakimiyyət çox böyük dividentlər ala bilər.

Beləliklə regionda bu vaxta qədər hakimiyyətlərin taleyini həll edən Dağlıq Qarabağ münaqişəsi sıradan çıxacaqdır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər