Məmmədyarov perulu həmkarı ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Nestor Popolizio Bardales ilə görüşüb.
1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Peru münasibətlərinin inkişafı, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Sakit okean Alyansına (SOA) müşahidəçi üzv qəbul edilməsinə verdiyi dəstəyə görə həmkarına təşəkkürünü bildirdi. O, ölkəmizin Alyans ilə əməkdaşlıqda maraqlı olduğunu və təşkilat çərçivəsində yaradılmış imkanlardan yararlanaraq SOA-nın Asiya ölkələri ilə ticarət əməkdaşlığında fəal iştirak imkanlarının olduğunu diqqətə çatdırdı.
Görüş zamanı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətində SOA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.
1news.az