ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu – FOTO

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı iyulun 6-da cari teatr mövsümünün paytaxt Bakıdakı son tamaşasını nümayiş etdirib.
1news.az-ın verdiyi xəbərə görə, Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan “Adamlar və siçanlar” tamaşası anşlaqla qarşılanıb.
Tamaşanın nümayişindən əvvəl ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə inklüziv teatrının fəaliyyətini davam etdirmə çətinliklərindən və görülən işlərdən danışaraq bildirib ki, ƏSA Teatrını yaşadan tamaşaçıların sevgisi və rəğbətidir. Quruluşçu rejissorun tamaşaya əlavə etdiyi yeni interpretasiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İnteraktiv şəkildə hazırlanan tamaşanın klassik üslubdakı versiyasından fərqi tamaşaçıların diqqətini daha çox çəkib.
Qeyd edək ki, ƏSA Teatrının repertuarında olan “Adamlar və siçanlar” tamaşası teatr tarixində ilk dəfə film effektlərinin uğurla istifadə olunduğu tamaşa kimi yadda qalıb. Nümayişdən dərhal sonra tamaşaçılara gənc yazar Elman Süleymanovun “Üçüncü dünya müharibəsi” kitabı hədiyyə olunub.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, fotoqrafı Şamil Mahmudbəylidir. Rolları Elşən Əskərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz Qasımov, Cəmilə Məmmədli, Fərid Əliyev, İmran Lələyev, Günay Məmmədova, Emin Balayev və Orxan Əliyev canlandırıb.
S.Xankişiyeva