İstehlak bazarındakı qiymətlər açıqlanıb
Bu ilin 6 ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, cari ilin iyununda may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sabit qalıb.
İyunda mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, albalının, gilasın, alçanın, əriyin, şaftalının, kələmin, pomidorun, xiyarın, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, energetik içkilərin qiymətlərində ucuzlaşma olub.
Yumru düyünün, buğda ununun, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, kərə və bitki yağlarının, limonun, çiyələyin, şabalıdın, göyərtinin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, dondurmanın, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə edilib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
1news.az