ABŞ-dan Ermənistana ağır zərbə: separatçıların pulunu niyə kəsir? – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-dan Ermənistana ağır zərbə: separatçıların pulunu niyə kəsir? – TƏHLİL

16:00 - 01 / 08 / 2019
ABŞ-dan Ermənistana ağır zərbə: separatçıların pulunu niyə kəsir? – TƏHLİL

Ermənilər yenə təlaş içindədirlər. Buna səbəb isə siyasi arenada bir-birinin ardınca uğursuzluqlara düçar olmaları, “müttəfiqləri”nin onlara üz çevirmələridir. Hətta kifayət qədər güclü olan erməni lobbisi də baş verənlərin fonunda aciz qalıb.

Xatırladaq ki, təxminən iki ay bundan öncə ermənilərə ilk zərbə lobbilərinin kifayət qədər güclü olduğu və ermənipərəst mövqeyi ilə tanınan Fransadan gəlib. Belə ki, Qrenobl şəhərinin inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.

Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir. Bununla da erməni separatçılarının öz “dövlətlərinin” tanıdılması istiqamətində planları və gözləntiləri puça çıxıb.

Ermənilərə daha bir zərbə isə dünən ABŞ-dan gəldi. Xəbər verildiyi kimi, ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır.

Bu barədə Amerikanın Erməni Milli Komitəsinin “Twitter” səhifəsində yazılıb. Qeyd olunur ki, bir müddət əvvəl ABŞ Nümayəndələr palatasının qəbul etdiyi maliyyələşmə barədə düzəlişə baxmayaraq administrasiya maliyyə dəstəyini dayandırmağa çalışır.

Artıq ermənilər təlaş içindədirlər və sözügedən qərarla bağlı düşmən ölkədə ciddi müzakirələr aparılır.

Amerika Erməni Araşdırmaları Mərkəzinin direktoru,  işğalçı ölkənin siyasi analitiki Suren Sarkisyanın sözlərinə görə, ABŞ-ın bu addımı ciddi siyasi nəticələrə gətirib çıxaracaq.

“Bu, “USAİD” (ABŞ Beynəlxalq İnkişaf Agentliyi-red.) tərəfindən maliyyələşdirilən bir proqramdır və onun ləğvi ciddi bir mesajdır və böyük siyasi nəticələrə gətirib çıxaracaq. ABŞ-da yaşayan dostlarımı “Hay Dat” ofisi tərəfindən təşkil olunan kampaniyaya qoşulmağa çağırıram. Bir daha təkrar edirəm, bu, ciddi siyasi nəticələrə səbəb ola bilər. Bu, siyasi və hüquqi presedent olacaq ki, gözlənilən nəticələrini hamımız bilirik”- deyə, S.Sarkisyan ermənilər üçün həyəcan təbili çalıb. 

Onu da nəzərinizə çatdıraq ki, ABŞ Ermənistandan sonra yeganə ölkədir ki, Qarabağın müstəqilliyini tanımadan ona birbaşa maliyyə yardımı göstərir. 

Millət vəkili, politoloq Rasim Musabəyov 1news.az-a müsahibəsində ABŞ administrasiyasının işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırmasını ABŞ-ın maraqlarına uyğun olduğunu bildirib:

“Məsələ bundadır ki, ABŞ Konqresi pul ayırır, Prezident Administrasiyası isə onu xərcləyir. Nə qədər xərcləyəcəyinə də özü qərar verir. Yəni administrasiya Konqres tərəfindən ayrılan vəsaitdən çox pul xərcləyə bilməz, daha az xərcləməyə isə tam hüququ var.

Əgər Konqres separatçı rejimin ehtiyacları üçün 5-10 milyon dollar ayırırdısa, Dövlət departamenti sonda, məsələn, 1 milyon dollara icazə verirdi. Bu pul da əsasən minaların zərərsizləşdirilməsi və ya digər kiçik humanitar layihələr üçün xərclənirdi. Təkrar edirəm, son illərdə Vaşinqtonun Qarabağ separatçılarına ayırdığı məbləğ 1 milyon dolları keçməyib, baxmayaraq ki, Konqres daha çox məbləğ təsdiq edib”.

Millət vəkili ABŞ hökumətinin bu addımının Ermənistan rəhbərliyinə siyasi mesaj olduğunu da söyləyib:

“Çünki Azərbaycan hər zaman separatçıların maliyyələşdirilməsini kəskin şəkildə tənqid edib. Erməni lobbiçilərinin istəklərini qarşılayan konqresmenlər Azərbaycanın etirazını qulaqardına vursalar da, a bilsələr, ABŞ prezidentinin administrasiyası bunu edə bilməz. Çünki ABŞ-ın bir çox mühüm layihələri və maraqları Ermənistanla yox, Azərbaycanla bağlıdır.

Bundan əlavə, ABŞ-ın heç bir mühüm maraqları Qarabağ separatçılarının maliyyələşdirilməsini əhatə etmir. Buna görə də Vaşinqton hər zaman Konqresin separatçılara ayırdığı vəsaiti “kəsdi”.

Bütün bu yardım proqramlarının ABŞ-ın maraqları ilə uzalaşmadığını nəzərə alaraq yaxın zamanlarda ABŞ administrasiyasının onları dayandırdığını eşitsəm qəti təəccüblənmərəm”.

R.Musabəyov ABŞ hökumətinin Azərbaycana yardımını isə bunun rəsmi Vaşinqtonun maraqlarına cavab verməsi ilə izah edib:

“ABŞ-ın Azərbaycanın Dövlət Sərhəd Xidmətinə yardım etməsi Vaşinqtonun maraqlarına cavab verir. Nəzərə alsaq ki, Amerika şirkətləri bizim layihələrimizə - Xəzər dənizinə, boru kəmərlərinə ciddi sərmayə qoyublar - əlbəttə ki, Vaşinqton Azərbaycanın dəniz, quru və hava sərhədlərinə nəzarəti gücləndirməsi ilə əlaqəli hər şeyi dəstəkləyir”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, ABŞ-ın son dövrlərdə Azərbaycanla, xüsusən də Dağlıq Qarabağla bağlı mövqeyi strukturlaşmış, davamlı hal almış bir mövqedir:

“Yəni, ABŞ-ın indi Dağlıq Qarabağla əlaqəli mövqeyini ABŞ-ın bütün strukturları – ABŞ-ın həm dövlət departamenti, həm Ağ ev, həm də Konqresdə olan bir neçə ermənipərəst konqresmendən başqa ABŞ-ın bütün indiki və keçmiş rəsmləri Dağlıq Qarabağla bağlı eyni mövqeyi təkrarlayırlar. ABŞ prezidentinin müşaviri Con Boltonun regiona səfərindən sonra bu məsələdə ABŞ-ın mövqeyi daha da möhkəmləndi. ABŞ ilk növbədə Ermənistanın müstəqil dövlət olmasına, müstəqil siyasət aparmasına şübhə edir”.

Azərbaycanın ABŞ üçün üstün, vacib dövlət olduğunu deyən politoloqun sözlərinə görə, buna baxmayaraq ABŞ-ın regionla bağlı prioritetlərini müəyyən edəndə rəsmi Vaşinqtonun birinci nəzərə aldığı məsələ Ermənistandır. O, hazırda baş verənlərə ABŞ-ın Cənubi Qafqaz regionu üzrə siyasətini qurması kimi yanaşmaq lazım olduğunu söyləyib:

“Con Bolton Yerevanda olarkən ermənilərə dedi ki, əgər müstəqil siyasət aparmaq, xarici siyasətinizin təzyiqlərdən azad olmasını istəyirsinizsə Qarabağ problemini həll edin. Yəni, nə qədər ki, Qarabağ problemi var, siz müstəqil siyasət apara bilməyəcəksiniz. İndi isə Bolton görür ki, Ermənistan müstəqil dövlət deyil, kiminsə və yaxud hansısa bir dövlətin, hansısa bir prosesin təsiri altında istənilən qərarı qəbul edə bilər. ABŞ-a isə Cənubi Qafqaz regionu üzrə siyasətini qurmaq lazımdır. Buna görə də hazırda baş verənlərə ABŞ-ın Cənubi Qafqaz regionu üzrə siyasətini qurması kimi yanaşmaq lazımdır. Bu prosesdə ABŞ üçün prioritet dövlət isə Azərbaycandır.

ABŞ hazırda Azərbaycana Gürcüstandan da çox önəm verir. Bu isə o deməkdir ki, ABŞ üçün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və region üzrə siyasətini də onun üzərində qurur. ABŞ-ın terrorizmlə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirməsi, bununla bağlı maliyyə yardımını təxminən beş dəfə artırması dediklərimizi sübut edir”.

M.Əhmədoğlu ABŞ hökumətinin ermənilərin iç üzünü artıq gördüyünü və onlara etibar etmədiyini də sözlərinə əlavə edib:

“Sabah şahidi ola bilərik ki, Ağ evdən kimlərsə ermənipərəst konqreslərə acıqlanacaq, hətta onları dövlətin maraqlarına xəyanət etməkdə ittiham edəcək. Çünki Ağ ev hazırda öz dəyərlərini möhkəm qoruyur. ABŞ-da artıq başa düşüblər ki, Dağlıq Qarabağ erməniləri dilənçidilər. Pul dilənməkdən ötrü istənilən bəyanatı verərlər. Özlərini lap ABŞ-ın ştatı da elan edərlər. Ağ ev, dövlət departamenti artıq bunu dərk edib. Buna görə də qərara gəliblər ki, Ermənistana ayırdıqları yardımları azaltsınlar, Dağlıq Qarabağa yardımları isə tədricən tamamilə dayandırsınlar”.

Babək Cahandarov

Paylaş:
1126

Son xəbərlər

Bütün xəbərlər