Ermənistanın Xarici İşlər Nazirliyi Paşinyanı necə inkar etdi - FOTO

Ermənistanın Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanı inkar edir və Azərbaycanı Ermənistan baş nazirini düzgün başa düşməməkdə ittiham edir.
1news.az xəbər verir ki, Ermənistan XİN-in Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfəri və ordakı çıxışına dair yaydığı də bununla bağlı bəyanatdan bu qənaətə gəlmək mümkündür.
Maraqlıdır ki, bəyanat 6 avqust tarixində təqribən 22.00 radələrində Ermənistan XİN-nin saytına qoyulsa da, sonradan çıxarılıb. Bir neçə saatdan sonra fərqli məqamlarla Ermənistan XİN tərəfindən açıqlama verilib.
Birinci mətndə Ermənistan XİN “pan-Armenian agenda of unity ... for Armenia, Artsakh and Diaspora” yazmışdısa, düzəliş edildikdən sonra qoyulan mətndə “pan-Armenian agenda of advancing unity” yazılıb. Tərcümədə belə alınır ki, Ermənistan XİN də N.Paşinyandan fərqli olmayaraq “Ermənistan, Qarabağ və Diasporanın birliyi naminə ümum erməni gündəliyini” nəzərdə tutur. İkinci mətndə isə “birliyin təşviq edilməsi üçün ümum erməni gündəliyi” yazılır.
Ermənistan baş nazirinin “miatsum” və “Qarabağ Ermənistandır” deyə açıqlamalarının mənası tam şəkildə bəllidir. Bu açıqlama açıq-aşkar Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən anneksiyası və Ermənistana birləşdirilməsini nəzərdə tutur.
N.Paşinyanın “miatsum”, yəni Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan açıqlaması diplomatik baxımdan Ermənistanı çətin vəziyyətə qoyub və Ermənistanın əsl niyyətini ifşa edib.
N.Paşinyanın bu açıqlaması danışıqlar prosesinin gələcəyini sual altına qoyur.
İşğalı gizlətmək üçün indiyə qədər Ermənistan tərəfi qondarma rejimin müstəqilliyi, öz müqəddəratını təyinetməsi və digər bu kimi bəhanərlərdən istifadə edir, öz işğalçı məqsədlərinə don geyindirirdi.
Rəsmi Bakı tərəfindən Paşinyanın bu açıqlamasına çox sərt etiraz bildirilib.
Bunun fonunda Ermənistan XİN məsuliyyəti dərk edərək geriyə addım atıb. Ermənistan XİN gülünc formada “miatsum” dedikdə Ermənistan baş nazirinin Ermənistan və Qarabağın mənəvi birliyinin nəzərdə tutulduğunu iddia edir.
N.Paşinyan tam çılpaqlığı ilə anneksiya və işğal siyasətini etiraf etməklə qondarma rejimin müstəqilliyi ilə bağlı saxta propaqandaya ağır zərbə vurdu.
1news.az